Dünya 13:25 12.04.2023

Tayvan Çinin işğalı altına düşərsə, bu, dünya üçün nə deməkdir? – “FT”nin köşə yazısı

ABŞ Tayvanı qorumalıdırmı? Bu, mücərrəd mübahisə deyil.

Qaynarinfo Financial Times-ın beynəlxalq münasibətlər üzrə əsas köşə yazarı Gideon Rəhmanın yazısını təqdim edir.

Həftə sonu Pekin adanın bombalanmasını təqlid edən təlimlər keçirdi, donanması isə Tayvanı "mühasirəyə” aldı. Adada Çinin hərbi təzyiqinin davamlı artmasına cavab olaraq prezident Co Bayden dörd dəfə ABŞ-ın Tayvanı Çinin hücumundan müdafiə edəcəyinə söz verdi.

Amerikada bəziləri üçün Baydenin bu cür vədləri haradasa ağılsızlıq kimi görünür. "Cato İnstitute”nin analitik mərkəzindən Duq Bandou şikayət edir ki, "[Amerikalı] siyasətçilərin əksəriyyəti Tayvanı qorumaq üçün milli intihara hazırdır". Müharibədən yorulmuş Amerika niyə Çin sahillərindən 100 mil aralıda 24 milyon əhalisi olan bir adanı qorumaq üçün başqa bir nüvə dövləti olan Çini növbəti müharibə ilə hədələməlidir?

Tayvanı qorumaqla bağlı skeptisizm Avropanın bəzi yerlərində daha qabarıq şəkildə özünü göstərir. Ötən həftə Çin səfərindən qayıdan prezident Emmanuel Makron Fransanın adanı qorumaq üçün barmağını belə tərpətməyəcəyinə işarə edib. Tayvanı müzakirə edərkən o, Politico-ya bildirib ki, Avropa üçün "başqaların böhranlarına qarışmaq böyük riskdir". 

Əslində, az adam Avropa ordusunun Tayvanla bağlı münaqişədə birbaşa iştirak edəcəyini gözləyir. Lakin Makron kimi avropalı siyasətçilərin münasibəti önəmlidir, çünki bu, Çinin hücumun iqtisadi və diplomatik xərcləri ilə bağlı hesablamalarına təsir edəcək.

Avropa və Amerika liderlərinin Tayvanın taleyi ilə bağlı narahatlıqlarına heç bir səbəbləri olmasaydı, əlbəttə ki, həyatları daha rahat olardı. Ancaq reallıq budur ki, Çinin adanı zorla ilhaq etməsi həm Parisdə, həm də İllinoysda tez bir zamanda hiss olunacaq dərin qlobal təsirlərə malik olacaq.

Tayvanı qorumaq üçün üç əsas arqument var.

Birincisi, dünyada siyasi azadlığın gələcəyinə aiddir. İkincisi, qlobal güc balansına. Üçüncüsü qlobal iqtisadiyyata. Bütün bunlar birlikdə Tayvanı Pekinin təzyiqindən qorumaq üçün güclü bir səbəb ortaya qoyur.

Çin Kommunist Partiyası təkpartiyalı idarəetmənin ölkə üçün ideal sistem olduğunu iddia edir. O israr edir ki, ABŞ Qərbdə yaxşı işləməyən və Çin kimi kommunitar mədəniyyət üçün fəlakət olacaq liberal demokratik dəyərləri təbliğ etmək cəhdlərini dayandırmalıdır.

Lakin çiçəklənən azad cəmiyyət olan Tayvan Çin mədəniyyətinin demokratiyaya tam uyğun olduğunun canlı sübutudur. Onun mövcudluğu Çinin özünün bir gün necə idarə olunacağına dair alternativ bir baxışı göstərir. 

Pekin artıq Honq-Konqda demokratiya arzusunu boğub. Si Szinpinə Tayvanda da eyni şeyi etməyə icazə verilsəydi, avtokratiya bütün çindilli dünyada kök salardı. Çin 21-ci əsrin yeni yaranan super gücü olduğundan, bunun bütün dünya üçün dəhşətli siyasi nəticələri olacaq.

Materik Çinin bir gün siyasi azadlıq əldə edəcəyi fikri uzaq perspektiv olaraq qalır. Lakin bütövlükdə Hind-Sakit okeanı hövzəsində Yaponiya, Cənubi Koreya və Avstraliya da daxil olmaqla bir neçə çiçəklənən demokratiyalar var. Onların hamısı bu və ya digər dərəcədə ABŞ-ın təhlükəsizlik zəmanətlərindən asılıdır. Çin Tayvanın muxtariyyətini istər işğal, istərsə də güc yolu ilə darmadağın etsə, ABŞ-ın bölgədəki gücünə böyük zərbə vurulacaq.

Hind-Sakit okeanı regionunda yeni hegemon güc perspektivi ilə üzləşən region ölkələri xarici və daxili siyasətlərini dəyişdirərək Pekinə xoş gəlməyə üstünlük verəcəklər. Qəzəbli yeni hegemonun xətrinə dəyməmək istəyi Çinin qonşuları üçün söz və fəaliyyət azadlığını tez bir zamanda məhdudlaşdıracaq.

Çinin Hind-Sakit okean hövzəsində hökmranlığının nəticələri də qlobal olacaq, çünki bu region dünya əhalisinin və ümumi daxili məhsulun təxminən üçdə ikisini təşkil edir. Və əgər Çin regionda dominantlıq etsəydi, o, ABŞ-ı dünyanın ən qüdrətli dövləti kimi sıradan çıxarmaq yolunu tutardı. 

Dünyada bu güc dəyişikliyindən Avropanın əziyyət çəkməyəcəyini düşünmək absurddur. İndi Avropa həmişəkindən daha çox Amerikanın Çinin zalım müttəfiqi olan Rusiyaya qarşı güc göstərmək istəyindən asılıdır.

Bəziləri iddia edə bilər ki, "hegemonluq” kimi mücərrəd anlayışlar adi insanlar üçün çox az şey deməkdir. Lakin Çinin Tayvana nəzarəti tezliklə bütün dünyada həyat standartlarına böyük təsir göstərəcək.

Tayvan dünyadakı yarımkeçiricilərin 60%-dən çoxunu və ən mürəkkəb yarımkeçiricilərin təxminən 90%-ni istehsal edir. Telefonlardan tutmuş avtomobillərə və sənaye avadanlıqlarına qədər həyatı işlək hala gətirən müasir qurğular Tayvan çipləri ilə işləyir. 

Ancaq onları istehsal edən fabriklər işğalla məhv edilə bilər. Tayvanın çip fabrikləri duruş gətirərsə, lakin Çinin nəzarəti altına keçərsə, bunun çox böyük iqtisadi təsiri olacaq. Dünyanın ən qabaqcıl yarımkeçiricilərinə nəzarət Pekinə qlobal iqtisadiyyatı boğmağa imkan verəcək.

ABŞ artıq müəyyən edib ki, Tayvanın yarımkeçirici sənayesini təkrarlamaq göründüyündən qat-qat çətindir. Bütün bu iqtisadi, strateji və siyasi mülahizələr ABŞ və müttəfiqlərini Tayvanı müdafiə etməyə məcbur edir. Ağlı başında olan heç kim ABŞ-la Çin arasında müharibə istəmir. Ancaq indi, əvvəlki kimi, bəzən sülhü qorumaq üçün müharibəyə hazır olmaq lazımdır.

Nizami Bağırov