Dünya 19:08 23.08.2022

Tayvan prezidenti: “Biz 64 il əvvəl də Çin ilə qarşılaşmışıq...”

Biz əvvəllər də Çinlə qarşılaşmışıq və hələ də özümüzü müdafiə etməkdə qərarlıyıq.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı, avqustun 23-də Tayvan Respublikasının Prezidenti Tesai İnq-ven Stenford Universitetinin Huver İnstitutunun nümayəndə heyəti ilə görüşdə deyib.

"Altmış il əvvəl Çin ordusu Tayvan adalarını bombalayanda biz onlara qarşı vuruşmuşuq, - o, əlavə edib, - ölkəmizi müdafiə etmək iradəsi bu günə qədər davam edir. 64 il əvvəl 23 avqust döyüşündə əsgərlərimiz və mülki vətəndaşlarımız Tayvanı həmrəylik içində qorudular. Ona görə biz bu gün demokratik Tayvana sahibik. Vətənimizi qorumaq uğrunda gedən bu döyüş dünyaya göstərdi ki, heç bir təhlükə Tayvan xalqının özünümüdafiə əzmini sarsıda bilməz, nə keçmişdə, nə indi, nə də gələcəkdə", - xanım Tesai İnq-ven 1958-ci ilin avqustunda Çinin Kinmen və Matsu adalarına bir neçə ay davam edən hücumlarına toxunaraq deyib. 

Son bir ayda ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Taypeyə səfərindən sonra Tayvan və Çin arasında gərginlik artıb. Pelosinin Tayvana səfərindən sonra Çin ABŞ-ın Taypeyə "artan dəstəyinə” qəzəbini ifadə etmək üçün adanın yaxınlığında genişmiqyaslı hərbi təlim keçirib.

M.Arif