Ölkə 11:35 08.12.2023

Təhsil ocaqlarında "təmənna sindromu" - Problem və çıxış yolları

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə hazırlanıb)

Beynəlxalq Şagird Qiymətləndirməsi Proqramı çərçivəsində aparılan statistika açıqlanıb. Həmin statistikaya görə, Azərbaycan 81 ölkə arasında 56-cı yerdədir. Amma maraqlıdır ki, bəzi ekspertlər Azərbaycanda təhsilin səviyyəsinin mükəmməl olduğu ilə bağlı açıqlamalar verirlər. 
Təhsilin səviyyəsi yüksəkdirsə, Azərbaycan niyə 81-ci yerdədir? 

Təhsil eksperti Nadir İsrafilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, PISA-Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı tədqiqatının 2022-ci il üzrə nəticələri yazılı və elektron mediada geniş müzakirələrə səbəb olub və heç də hamı tərəfindən birmənalı qarşılanmayıb:

"Kimi bunu geriləmə, kimi nəticələrin ürəkaçan olmaması kimi dəyərləndirib. Ən çox iradlar isə Azərbaycanda qiymətləndirməyə qatılan şagirdlərin bütün ölkədən deyil, yalnız Bakıdan seçilməsi ilə əlaqədar olub. Yəni, bu tədqiqat bütün ölkə ərazisində aparılsaydı, nəticələr daha acınacaqlı ola bilərdi". 

Nadir İsrafilovun sözlərinə görə, PİSA-nın mənzil-qərargahı Parisdə yerləşir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2000-ci ildən başlayaraq həyata keçirdiyi bir proqramdır:

"Devizi "Yaşamaq üçün öyrənmək!" olan və hər üç ildən bir keçirilən bu proqramın əsas hədəfi ayrı-ayrı ölkələrdə 15 yaşlı (orta təhsilli) şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməkdir. PISA bu yaşda olan uşaqların riyaziyyat, oxu savadı və təbiət fənləri üzrə bilgilərini müəyyənləşdirmək baxımından dünyada ən mötəbər proqram hesab edilir. 2012-ci ilə qədər PISA qiymətləndirmələri 4 dəfə - 2000, 2003, 2006, 2009-cu illərdə keçirilib və Azərbaycan bu prosesdə 2 dəfə - 2006, 2009-cu illərdə iştirak edib. 2000-ci ildə iştirakçıların sayı 32, 2003-də 40,  2006-da 57, 2009-da isə 65 olub. Azərbaycan 2006-cı ildə 57 ölkə arasında 55-ci, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yeri tutmuşdusa, İordaniya, Qətər, hətta adı çoxlarımıza bəlli olmayan Trinidad və Tobaqodan da geridə qalmışdı. Bu baxımdan, son göstəriciləri məqbul hesab etmək və nisbi irəliləyiş kimi dəyərləndirmək olar. Nəzərə alaq ki, 2006 və 2009 tədqiqatlarında göstərilən nöqsanları həll etsəydik, bu dəfəki göstəricilərimiz daha yüksək olar bilərdi".

Ekspertin fikirincə, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir:

"Mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli, qiymətləndirmənin səbəblərini daha dərində axtarmalıyıq. Bununla belə istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə təlim-tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını itirməyə meyllidir. Vahid proses olsa belə, təlim tərbiyədən ayrı düşüb. Başqa sözlə ifadə etsək, təlimə "ifrat dərəcədə" aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir".
 


Nadir İsrafilov qeyd edib ki, müəllim faktoru ilə bağlı neqativlər qəsdən və ya bilməyərəkdən həddindən artıq qabardılır, məktəbə, müəllimə olan inamı sarsıdır:

"Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib. Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ "yeni peşə sahiblərinin" - repetitorların, hətta el arasında deyildiyi kimi "bunker repetitorları"nın dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Bir sözlə, müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb. Korporativ maraqların əksinə olaraq məktəb mühitinin deformasiyaya uğramasının qarşısı alınmalı, müəllim və şagird məktəbə qaytarılmalıdır. Təkzib olunmaz faktdır ki, təhsilin keyfiyyəti müəllimin peşəkarlığından, müəllimin nüfuzu isə təhsilin keyfiyyətindən asılıdır. Müəllimin peşəkarlığı və nüfuzu artmadan təhsilin keyfiyyəti, təhsilin keyfiyyəti artmadan isə müəllimin nüfuzu və hörməti arta bilməz. Nəzərə alsaq ki, bu gün məktəblərimizdə müəllim adını yaşadanlarla yanaşı, sadəcə müəllim adını daşıyanlar da az deyil. Deməli, əsas vəzifələrimizdən biri də bu adı daşıyanlarla bu adı yaşadanlar arasındakı fərqi minimuma endirmək və tədricən bu fərqi aradan qaldırmaqdır. İstənilən statistik təhlil, obyektiv və sağlam düşüncəyə əsaslanan tənqid təhsilimizin daha da təkmilləşdirilməsi və gələcək inkişafı baxımından nəinki lazımdır, hətta zəruridir. Lakin nədənsə biz əsasən "nəticə"ni vurğulamağa daha çox meylliyik, nəinki "səbəb" barədə düşünüb, nə isə bir qərar qəbul etməyə”. 

Ekspert məktəblərdə baş verən zorakılıq hallarına da münasibət bildirib:

"Xüsusilə yaxın son illər gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası"  adlanan canlı ünsiyyətə keçmək zorundayıq, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq". 

Təhsil eksperti telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsini, ayri-ayrı saytlarda bu qəbildən olan video görüntülərin yayımlanmasının yolverilməz olduğunu vurğulayıb: 

"Şagirdlərin məktəbə telefonla, smartfonla daxil olmasına məhdudiyyətlər qoymaq lazımdır. Məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllimlərlə də işləməlidir. Xüsusilə son zamanlar məktəblərimizdə müəllimlər və şagirdlər arasında və bütövlükdə cəmiyyətimizdə baş verən, sadalamağa ehtiyac olmayan bir çox arzuolunmaz neqativ təzahürlər belə bir qənaətə gəlməyə əsas verir. Bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, müasir islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır, diqqət və qayğı artırılır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynlərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir".

Nadir İsrafilov hazırda valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyasının olmadğını qeyd edib:

"Bu, qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmayıb. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları iş bir o qədər effektli deyil, müəllimlərin valideyn əlaqələri o qədər də ürəkaçan deyil. Bir çox valideynlər öhdəsində gələ bilmədikləri uşaqlarını başdan etmək üçün məktəbə saxlama kamerası kimi baxırlar. Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin imkişafında iştirakı, məktəbə kömək imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur. Belə ki, bu sahədə fəaliyyətin uğuru əsasən iki amildən asılıdır. Təhsil sisteminin, təlim-tərbiyə işinin konseptual dəstəklənməsi və məktəbə, məktəb kollektivinin bütün üzvlərinə cəmiyyət və ictimaiyyət tərəfindən hörmət və qiymətləndirmə mədəniyyətinin formalaşdırılması".

Ekspert hesab edir ki, nə qədər ki, təhsil alana təhsil verən tərəfindən "müştəri" gözü ilə baxılmaması üçün lazımı mühit yaradılmayacaq, təhsil prosesi subyektləri arasında "təmənna sindromuna" son qoyulmayacaq:

"Rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edən repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi rəğbət qazanmaqda davam edəcək, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyəcək, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq, məktəbin rolunun, müəllimin nüfuzunun qaldırılması cəhdləri də bir o qədər real görünməyəcək".

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.