Fərid Azəri
Ölkə 21:40 22.05.2021

Tənqidmanlar və ya tənqidə dözümü olmayanlar

Fərid Azəri
 
İnsan tənqidə dözümlü olmayanda çox rüsvayçı mənzərə yaranır.

Cəmiyyət də belədir:

Tənqiddən nəticə çıxarmaqdansa, tənqidçini qeyri-obyektivlikdə, nadürüstlükdə, nə bilim, daha nə cür "xətalarda" suçlayır.

Gəlin, əvvəlcə tənqidin nə olduğunu aydınlaşdıraq:

Tənqid - Bir insanda və ya insan qrupları toplusunu təşkil edən cəmiyyətdəki eybəcərliklərin ictimailəşdirilməsi və çıxış yolunun göstərilməsi "tənqid" adlanır.

"Qərəz" - Bu söz isə "paxıllıq" sözü ilə sinonim olaraq istifadə edilə bilər. Qərəzin fəlsəfəsi ondan ibarətdir ki, kimsə özünə bir obyekt seçir və başlayır onu tənqid etməyə.

Fərqi yoxdur sən rişxənd olunan qüsurlarını aradan qaldırırsan ya yox, "tənqidpərəstlər" ən xırda yanlışında belə səndən əl çəkmir, belə demək mümkünsə, iş-günü atıb, səninlə "məşğul" olurlar.

Heç fərq etməz: obyektiv tənqiddə də bu belədir, qeyri-obyektivində də.

Birinci tip insanlar onlara yönəlmiş tənqidləri qərəz kimi qəbul edir, ittihamları sənə yönəldir, mental nöqsanlarını qəbul etmir, ona düzgün yol göstərməyə çalışanları özündən uzaqlaşdırırlar.

İkinci tipə aid olanlar isə tənqiddən doğru nəticə çıxarır və kobud dildə desək, "üzünə vurulan" qüsurları aradan qaldırmağa cəhd edir, bu yolda kömək istəyirlər.

Tənqidə dözümsüz insanlar tənqidçilər barədə ətrafa hərə-hədyan yağdırır, onları gözdən salır, qüsurları dilə gətirildikcə daha da aqressivləşirlər.

Bir də bu təfəkkürlə Avrointeqrasiyadan danışırıq. Hansı Avropa?

Lap yuxarıda sadaladığım məqamlar aradan qaldırılsa belə, biz Avropaya HEÇ VAXT inteqrasiya edə bilməyəcəyik.

Çünki tarixən Ərəbin və Rusun təsiri altında olub, hərəsinin ayrı-ayrılıqda təlqin etdiyi mental və qeyri-mental dəyərlərlə yaşama çalışan, bir qədər sərt ifadə etsək, iki körpü arasında qalan bir xalqın özünüdərki çox mürəkkəb prosesdir.

Doğrusu, çox ciddi qorxuram ki, nə mən, nə gələcəkdə dünyaya gələcək övladlarım bu prosesi yaşaya, ondan təsirlənə bilməyək.

Bilirsiniz də özündərk və özünütənqid proseslərindən kənarda qalan, istənilən tənqidə aqressiv yanaşan xalqın başına nələr gəlir? Bilməyən varsa, deyim:

Deqradasiyaya uğrayır!

Özü də xalqın deqradasiyası elə bir nəfərdən başlayır. "Yəni, məndən ötdü, qonşuma dəydi" - təfəkkürü ilə yanaşan xalq ƏSLA inkişaf etməyəcək.

Amma cəmiyyətdə yaranan bu vəziyyəti dəyişmək olar:

1. Cəmiyyət olaraq dindən imtina edib, elm yoluna üz tutmaq lazımdır.

2. Nə qədər bəyənilməyəcəyini, özümün də bu fikirlərdən sonra tənqid ediləcəyimi bilirəm, amma: "Məscid yerinə məktəb" fəlsəfəsi tətbiq edilməlidir.

3. Yaşlı nəslin nümayəndələri dinin vaxtilə onlara zorla və xüsusilə qeyd edim ki, TAMAMİLƏ YANLIŞ təlqin etdirilən fikirlərini ətrafa saçmağı DƏRHAL dayandırmalıdır.

4. Atam həmişə deyir ki, evin hasarnı ona görə çəkirlər ki, bu evin daxilində baş verənlər elə burdaca qalsın, kənara çıxmasın. Yəni, evin hasarı onun sərhədidir.

Ölkə ilə də belədir. İstənilən neqativ hal kənara çıxmamalıdır. Onunla daxildə, vicdanlı şəkildə mübarizə aparılmalıdır.

İnsan tənqidə dözməyəndə, eyiblərini gizlətməyə çalışanda bu qüsurlarının içərisində batır. Elə bir vəziyyətə düşür ki, xilas yolu da olmur.

5. Tənqidlə təhqir qarışdırılmamalıdır. Yox, əgər kimsə bunu edirsə, o adam qüsurunu təhqir etdiyi şəxsdən daha rüsvayçı vəziyyətdədir.

Tənqidin ən faciəvi tərəfi də var. Bu da ondan ibarətdir ki, səni vulqar dildə desək, "zibilin içində batanlar" tənqid edir.

Buna hirslənirsən, amma yenə də dözümlü yanaşmaq sənin böyüklüyündü.

YEKUN:

Kim nə deyir desin, tənqidə dözümü olmayanlar şəxsiyyət kimi formalaşa bilməyəcəklər.

22.05.2021 21:32