Siyasət 18:30 07.03.2023

Tofiq Abbasov “Nə Qərb, nə Rusiya, ancaq...”

"Brüsselin sülh təklifinə sadiqliyin ifadə edilməsi heç də Moskvanın vasitəçiliyinin ikinci plana keçirilməsi anlamına gəlməməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən Bakının Brüsselin sülh planına sadiqliyini bəyan etməsinə münasibət bildirərkən deyib.
 
"Azərbaycan onların qarşıdırması fonunda özünü qurban verə bilməz. Hər iki formatın üstün cəhətləri, müsbət cəhətlərini müzakirə etmək lazımdır. Brüssellə Moskva çəkişə bilərlər, ancaq biz regionda vəziyyətin tarazlaşması üçün bütün tərəflərin təqdim etdiyi müsbət çalarların hamısını bir yerə toplayıb, məhz onun ətrafında yeni yolun formalaşmasına nail olmalıyıq. Azərbaycan bunun tərəfdarıdır”, deyə Tofiq Abbasov bildirib.
 


Ekspert qeyd edib ki, Azərbaycan ardıcıl şəkildə bir xətt üzrə prosesi davam etdirir:
 
"Proseslər də göstərir ki, Azərbaycanın tutduğu yol özünü doğrudur. Ermənistan müxtəlif vasitələrdən istifadə edərək proses ətrafında çaşqın vəziyyətin yaranmasına, digər tərəfdən, ABŞ, Fransa və Avropa İttifaqından dəstək almağa çalışır. Ancaq gərgin olan vəziyyət bundan sonra daha da gərginləşməyə doğru gedə bilməz. Deməli, lazımdır ki, müəyyən edilmiş xəttlə prosesi davam etdirək. Burada təsadüflərə bel bağlamaq olmaz. Odur ki, Toivo Klaar və  ABŞ-ın xüsusi nümayəndəsi Lui Bono ilə görüşlərdə də Prezident İlham Əliyev Azərbaycanın özünün tutduğu yolda heç bir təsadüflərə yol vermədiyini bir daha bəyan etdi. ABŞ, Aİ olmaq şərtilə problemin çözümünü tapmaq olar. Ancaq İrəvan  çalışır ki, prosesdə iştirak etmədən problemlər yaratsın. Ona görə də, Azərbaycan qəti əmindir ki, prosesdə praqmatizm nümayiş etdirilməlidir”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib ki, Azərbaycan Brüsselin sülh planına sadiqdir. Dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
 
Rüfət Sultan