Siyasət 17:41 06.03.2023

Toivo Klaar İlham Əliyevlə nə barədə danışıb? - Politoloq

"Qərb regionda Rusiyanın təsirinin azalmasından yararlanmağa çalışır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya baş tutan səfərini şərh edərkən deyib. 
 
"Lavrovun ölkəmizə səfəri fonunda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın Bakıya gəlişi gözlənilən idi. Qərb və Rusiya hazırda Cənubi Qafqaz uğrunda kəskin şəkildə mübarizə aparır. Rusiya bölgəmizdə öz mövcudluğunu qorumaq, Qərb isə Moskvanın buradakı təsirinin azalmasından öz xeyrinə bəhrələnməyə çalışır. Klaarın səfəri də böyük ehtimalla bununla bağlıdır”, deyə Turan Rzayev bildirib.

Ekspertin fikrincə, hazırkı məqamda Azərbaycan tərəfinin manevr imkanları kifayət qədər artıb:


 
"İstər Rusiyanın narahatlığı, istərsə də Qərbin nüfuz qazanmaq uğrunda yarışı fonunda Azərbaycanın siyasi və geosiyasi maraqları aktualdır. Tərəflərin bir-birilə mübarizəsindən Bakı da istifadə etməyə çalışır. İndiki məqamda Azərbaycan üçün başlıca məsələ separatçıların tərksilah edilməsi, erməni icması ilə dialoqun Azərbaycan reallıqları formatında qurulmasıdır. Bakı erməni icması ilə dialoqa başladı. Amma separatçılar qanlı insident törərdi. Bütün bunların fonunda İlham Əliyevlə Klaar arasında müzakirəyə ehtiyacı olan kifayət qədər məsələlər var. Bakı Aİ-nin Azərbaycanın daxili işlərinə qarışmasını istəmir. Bu əsasda da Bakı prinsipial mövqeyini ortaya qoyacaq. Prosesin tənzimlənməsində hansısa bir missiyadan söhbət gedəcəksə, buna  Azərbaycan razılıq verməlidir ”. 

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıya gəlib. Bakıda o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. 

Rüfət Sultan