"Klaar İrəvana səfəri fonunda istənilən təxribat xarakterli açıqlama versə də belə, Avropa İttifaqı-Azərbaycan münasibətlərinə xələl gəlməməsi üçün ehtiyatlı davranmağa məcbur olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfərini şərh edərkən deyib.
"Avropa İttifaqı son zamanlar ciddi şəkildə Cənubi Qafqazla maraqlanır. Bu xüsusən də azərbaycanlıların Laçın-Şuşa yolundakı aksiyaları fonunda daha çox artıb. Ermənilər süni şəkildə canfəşanlıq edir, maliyələşdirdikləri siyasi şəxslər vasitəsilə "səslərini” yüksəltməyə çalışırlar. Buna da müəyyən mənada nail olublar, təəssüf ki, azərbaycanlıların guya Laçın dəhlizini məqsədyönlü şəkildə bağlamaları və Xankəndini blokadaya almaları barədə fərqli düşüncələr formalaşıb.
Aİ nümayəndəsinin İrəvana səfəri də əsasən məhz Laçın yolundakı aksiya ilə bağlıdır. Toivo Klaar mümkündür ki, bu səfər zamanı ənənəsinə sadiq qalaraq blokadanın açılması vacibliyi istiqamətində açıqlama versin. Amma bu mövqeyin Aİ-nin bütün üzvlərinin mövqeyi olduğunu da demək olmaz. Aİ-nin Azərbaycana daha çox ehtiyacı var. Xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji asılılığından xilas olması yolunda alternativ ölkə baxımından. Bu mənada, Klaar İrəvana səfəri fonunda istənilən təxribat xarakterli açıqlama versə də belə, Aİ- Azərbaycan münasibətlərinə xələl gəlməməsi üçün ehtiyatlı yanaşmağa məcbur olacaq.
Bütün hallarda Klaarın İrəvana səfəri və orada verəcəyi istənilən açıqlama rəsmi Bakı üçün o qədər də əhəmiyyət kəsb etmir. Keçirilən aksiya dinc xarakterlidir. Burada səslənən şüarlarda heç bir dini, iqri, millətə nifrət şüarları səsləndirilmir. Klaar başda olmaqla digər ölkə və təşkilatların Azərbaycanın daxili işlərinə qarışmaq haqqı yoxdur”.
Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın yaxın gələcəkdə Azərbaycana səfəri də gözlənilir. Bu barədə Toivo Klaarın ofisindən bildirilib.
Qeyd olunub ki Aİ-nin xüsusi nümayəndəsi müntəzəm keçirilən yüksək səviyyəli məsləhətləşmələr üçün Ermənistanda səfərdədir: "Xüsusi nümayəndə cənab Toivo Klaarın yaxın gələcəkdə Bakıya səfər gözlənilir, lakin səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib".
Rüfət Sultan
Şərhlər