İdman 13:00 27.11.2023

“Turan Tovuz”un müdafiəçisi: “Kədərlənməklə heç nə qazanmaq mümkün deyil”

Bu mövsüm qeyri-sabit çıxışı ilə fərqlənən komandalardan biri də Ayxan Abbasovun rəhbərlik etdiyi "Turan Tovuz”dur. Mövsüm ərzində keçirilən 14 oyunda cəmi 4 qələbə və 7 heç-heçəsi olan Tovuz klubu son üç oyunda məğlubiyyətlə üzləşib. Bəs bunun səbəbləri nədən qaynaqlanır?

Komandanın təcrübəli futbolçularından olan Tərlan Quliyev "Turan Tovuz”un durumu ilə bağlı Qaynarinfo-ya açıqlamasında fikirlərini bölüşüb:

"Şükür Allaha komanda daxilində, həm rəhbərlik, həm də futbolçular səviyyəsində heç bir problem yoxdur. "Qara zolağ”a düşmüşük. "Qəbələ”yə 0:4 hesablı məğlubiyyət çox ağır oldu. Çempionat uzundur, belə oyunlar ola bilər. Sonuncu yerdə gedən komanda irəli gedə, beşinci olan axırıncı pilləyə düşə bilər. İki-üç turdan sonra hər şey mümkündür. Qlobal problem yoxdur. Məğlubiyyətdən nəticə çıxarmaq lazımdır”.

Quliyev 14 tur ərzində cəmi 4 qələbəsi olan Tovuz klubunun qeyri-sabit çıxışının səbəbini uyğunlaşma problemində gördüyünü deyib:

"Açığı, keçən ilə nisbətən bu dəfə komandada dəyişikliklər çox oldu. 9-10 nəfər həm yerli, həm də xarici futbolçu gəldi. Belə başa düşürəm ki, hələ uyğunlaşma problemi var. Hansı ki, bu oyundan-oyuna düzələ bilər. Hələ ki, gözləyirik. Biz keçən ildən burdayıq. Yeni gələnlərin dərhal uyğunlaşması necə mümkündür?”.

Heyətində 10-12 əcnəbi futbolçunun yer aldığı bir komandanın bu cür zəif nəticələr göstərməsi haqlı olaraq birmənalı qarşılanmır. Belə çıxır ki, baş məşqçi Ayxan Abbasovun seçdiyi futbolçular keyfiyyətsizdir. Bəs Tərlan nə düşünür?
 


"Bu suala cavab verməyim nə dərəcədə düzgün olar bilmirəm. 2005-2015-ci illərlə müqayisədə əlbəttə, indi ölkəyə gələn legionerlərin səviyyəsi aşağıdır. O vaxt "Neftçi”də, "Xəzər Lənkəran”da, "Bakı”da elə futbolçular oynayırdı ki, digərlərindən birbaş üstün olduğu görünürdü. Bu problem də ola bilər. Ümumiyyətlə xırda çatışmazlıqlar var ki, böyük problemlərə yol açır. Bunların üzərində çalışırıq. Önümüzdə kubok oyunu gəlir. Ondan iki-üç gün sonra bizim üçün "Sumqayıt”la finala bərabər oyun olacaq. Son oyun kimi baxmalıyıq. Keçən il də oyunlara bu şəkildə yanaşırdıq. Hamı keçən il daha yaxşı oynadığımızı deyir. Nəticələrdən də belə görünür. Uzun marafondur, hər şey mümkündür. Oturub gözləyib, kədərlənməklə heç nə qazanmaq mümkün deyil. "Sumqayıt” və "Göygöl”lə oyunlarda yaxşı nəticə göstərib yolumuza davam etməliyik”, deyə futbolçu bildirib.

Bu mövsüm komandaya xeyli legionerin cəlb edilməsi iddialardan xəbər verirdi. Maraqlıdır, çempionatın əvvəlində futbolçuların qarşısına hansı hədəflər qoyulmuşdu?

"Açığı qarşımıza hər hansı hədəf qoyulmamışdı. Ümumiyyətlə avrokuboklara vəsiqə qazanmaq və ya hər hansı hədəflər barədə müzakirələr aparılmamışdı. Sadəcə, hər oyuna final kimi çıxmaq lazımdır. Yalnız bundan sonra nəticə ola bilər”, deyə Tərlan vurğulayıb.

Təcrübəli müdafiəçi bu mövsüm Premyer Liqada onu nəyin təəccübləndirməsi haqda sualı belə cavablandırıb:
 


"Çempionat bir qədər qəribə davam edir, nəticələr maraqlıdır. Ona görə də gözləmək, analiz etmək lazımdır. Nüanslar çoxdur. Məncə, komandalar güclənib”.

Mövsüm başlayandan "Turan Tovuz”un heyətində cəmi bir oyunda meydana çıxan Quliyev bundan narahatlıq keçirmədiyini də bildirib:

"Həqiqəti deyəcəm, bunun səbəblərinin hansısa problemdən qaynaqlandığını desəm, düz olmaz. Hər hansı problem yoxdur. Düzdür, mən də oynamaq istəyirəm. Məşqlərdə bacardığımı 100 faiz ortaya qoyuram. Oynamağa gücüm olduğunu hiss edirəm. Sadəcə, səbr edib gözləyirəm. Bu barədə məşqçi ilə hər hansı söhbətim olmayıb. Özümü narahat hiss etmirəm. İstər "Qarabağ”, "Neftçi”, istər "Araz-Naxçıvan” olsun, hər hansı komandaya qarşı oynamağa hazıram. Fiziki durumum qaydasındadır. Ancaq bu suala baş məşqçi daha yaxşı cavab verə bilər”.

Səbuhi Həsənov