İdman 17:53 17.04.2023

“Turan Tovuz”un sabiq rəsmisi: “Heç cür qəbul edə bilmərəm ki…”

Son turlarda özünü yaxşı tərəfdən göstərə bilməyən "Turan Tovuz”un çıxışına etirazlar səngimək bilmir. Xüsusən də Ayxan Abbasovun baş məşqçi olduğu komandanın çıxışı azarkeşləri narazı salıb. Artıq mövsümün sonuna az müddət qalıb. Komandanın Premyer Liqada böyük ölçüdə yeri də müəyyənləşib. 

Tovuz təmsilçisinin sabiq rəsmilərindən olan Yaşar Sultanov hazırkı durumuna münasibətini bildirib. O, Qaynarinfo-ya açıqlamasında komandanın mövsüm ərzindəki çıxışını dəyərləndirib, son uğursuzluqlarla fikirlərini bölüşüb:

"Hesab edirəm ki, qoyulan tapşırığın öhdəsindən gəldilər. Yeni yığılmış komanda idi. Çempionatın əvvəlindən mütərəqqi oyun göstərdilər. Xallar qazana bildilər, yerlərini möhkəmləndirdilər. Təlim-məşq toplanışlarını keçirə bildilər. Əsas məsələ bu idi ki, yerlərini qoruyub saxlaya bilsinlər və elitanı tərk etməsinlər. Komandanı formalaşdırıb, hazırlaya bilsinlər. Ancaq fasilədən sonra komandanın oyununda tənəzzül hiss olundu. Məzmun baxımından yaxşı oyun görmədik. Klub tarixinə nəzər salsaq, Tovuzda həmişə daha güclü oynayan "Turan Tovuz” bu mövsüm zəif oyun göstərdi. Digər komandaların evdə keçirdikləri oyunlardakı nəticələrilə müqayisə etsək, "Turan Tovuz”un sonuncu yerdə olduğunu deyə bilərik”.

Komandanın son oyunları müzakirə mövzusuna çevrilib. Hətta azarkeşlərin əksəriyyəti baş məşqçinin istefaya göndərilməsinin tərəfdarıdır. Bəs Sultanov nə düşünür:

"Qəti əlehinəyəm, absurd fikirdir. Ayxan Abbasov keçən il bu vaxtı komanda haqda düşünənlərin arzularını icra etdi. O, komandaya lazımdır, bütün mərhələlərdə şans yaradılmalıdır. Yenə deyirəm, komanda formalaşma dövrünü yaşayır. Bu səbəbdən istefa tələb etmək çılğın başın məhsulu ola bilər. Hazırda bu məsələlər ortaya qoyulmamalıdır. Gələcəyi düşünməli, formalaşmaq üçün hamı Ayxana birmənalı şəkildə dəstək olmalıdır. İstefa düşünmək vaxtı deyil. İkincisi heç cür qəbul edə bilmərəm ki, bu bütövlükdə tovuzluların işidir. Ola bilsin müəyyən azarkeşlər fikirlərini səsləndirib. Bilirəm ki, bunlar birmənalı olaraq bütün tovuzlauların fikri deyil. Onlar Ayxana, komandanın gələcəyinə inanırlar”.

O, qarşıdan gələn "Neftçi” ilə kubok matçı haqda da düşündüklərini söyləyib:

"Kubok və çempionat oyunlarının tam fərqli olduğunu bilirsiniz. Ona görə də, çox mübariz oyunların şahidi olacağımızı gözləyirik. Kubok iki matçdan ibarətdir. Nəticəni bəribaşdan heç kim söyləyə bilməz”.

Səbuhi Həsənov