İdman 14:24 24.05.2023

"Turan Tovuz”un sponsoru sponsor axtarır

"Turan Tovuz”un sponsoru "Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyev kluba yeni sponsorların cəlb edilməsini istəyib.

Qaynarinfo-nun məlumatına görə iş adamı bu barədə şəxsi "Feysbuk” səhifəsində paylaşım edib. O, paylaşımında yeni təkliflər hazırladıqlarını və digər iş adamlarının dəstək göstərməsini xahiş edib.

Quliyev paylaşımında bunları yazıb:

"Dəyərli iş adamları və "Turan”daşlar!

Məlumunuzdur ki, bu ilin fevral ayında biz Huner Group olaraq ölkə idmanının, xüsusilə region futbolunun inkişafı üçün Turan Tovuz PFK klubu ilə baş sponsorluq müqaviləsi imzaladıq. Əsas məqsədimiz ölkənin ilk müstəqil futbol klubunun inkişafında öz dəstəyimizi göstərmək idi. Uzun müddətdən sonra premyer liqaya vəsiqə qazanmış klub üçün bu çox gərəkli idi. 2022-2023 futbol mövsümü başa çatmaq üzərədir. Artıq Turan Tovuz PFK –nun premyer liqada qalması qətiləşib. Önümüzdəki mövsüm daha güclü klub görmək istəyiriksə bu işdə bir olmalıyıq.

Əziz dostlar, sizi "Turan”ımıza dəstək olmağa çağırıram. Klubun inkişafı üçün"Turan” bir neçə sponsorluq variantı hazırlayıb.Stadionun adı,akademiyanın adı,futbol formasında yazı və s. kimi müxtəlif sponsorluq anlaşmalarından birinə qoşulmaqla siz həm Turan PFK- nun inkişafına dəstək vermiş olacaqsıznız, həm də yeni, çoxminlik paltformada reklam olunmaq şansı əldə edəcəksiniz. Vaxtilə həm də Avropa liqasında oynamış klubumuzun şöhrətini geri qaytarmaq üçün bir olaq, "Turan”ımızın bayrağını yüksəklərə qaldıraq!

Sonda isə adı heç bir yerdə,heç bir reklamda keçməməsinə baxmayaraq könlü,qəlbi daima Turanla döyünən,bir mövsüm böyunca klubu təmənnasız içməli suyla təmin edən "Mor-mor” suya dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,
 
Ehtiram Quliyev

Huner Group təsisçisi və direktoru”
 
Tovuz klubu bu ilin fevralında "Huner Group"la sponsorluq müqaviləsi imzalayıb. 
 


Səbuhi Həsənov