İdman 15:47 14.02.2024

“Turan Tovuz”un yaradıcısı: “AFFA-da işlər düzgün qurulmur”

Bu gün "Turan Tovuz”un yaradılmasından 32 il ötür. 

1992-ci ildə tovuzlu iş adamı Vidadi Əhmədov tərəfindən təsis olunan klub bir çox ilklərə imza atmaqla Azərbaycan futbol tarixində özünə yer edib. İlk dəfə ölkəmizi qitə miqyaslı yarışlarda təmsil edən klub yüksək liqada çempionluq yaşayıb, bir gümüş, iki bürünc medallara sahib olub.

Yaratdığı klubun ad günü ilə bağlı Əhmədov Qaynarinfo-ya müsahibə verib.

- Bu gün "övladınızın” 32 yaşı tamam oldu. Hər dəfə "Turan Tovuz”un ad günündə nə hisslər keçirirsiniz və komandanın indiki durumunu necə qiymətləndirirsiniz?

- Mənim üçün əziz gündür. Çox şadam ki, "Turan Tovuz” yaşayır. Sevinc hissləri keçirirəm. Düzdür, arada tənəzzül yaşadı, neçə illər güclülər dəstəsində iştirakdan uzaqda qaldı. Klubun dağılma təhlükəsi də ola bilərdi. Əslində, bütün əməyi keçənlərin hamısına təşəkkür edirəm. Canları sağ olsun. Onlara minnətdarlığımı bildirirəm ki, "Turan Tovuz”u güclülər dəstəsinə qaytardılar. Bu gün "Turan Tovuz”un durumunu normal qiymətləndirirəm. Hazırkı rəhbərliyin canı sağ olsun, onları, Ehtiram Quliyevi təbrik edirəm. İşlərində uğurlar arzulayıram. Arzu edirəm ki, "Turan Tovuz” azarkeşlərinə daim sevinc gətirsin.

- Klubu yaratdığınız ilk illəri necə xatırlayırsınız?

- 1991-ci ilin payızı idi. Stadionun o vaxtkı rəhbərliyi hansısa turnirə getmək ərəfəsində yanıma gəlib, səfər üçün kömək istədilər. Mən də onlara lazımi yardım göstərdim. Əslində, Tovuzun böyük futbol ənənələri var. O vaxt komandaya sponsor axtarırdılar. Həmin dönəmlərdə müharibə gedirdi, düşündüm ki, klubu yaratmaqla həm futbol ənənələrimizi qaytara, həm də müharibə gedən rayonda camaatın əhval-ruhiyyəsini yüksəldə bilərik. İnsanlar narahat idilər, hər an düşmən gələ bilərdi. Bunları nəzərə alıb, 1991-ci ilin payızından işlərə başladıq. Azərbaycan çempionatı təşkil olunmaq ərəfəsində idi. Müraciət etdik, dedilər klub yaratsaq, bizi də güclülər dəstəsinə buraxacaqlar. Klubu yaratmaq qərarına gəldik. O vaxt təsisçisi və rəhbəri olduğum "İbrahim Kiçik Müəssisəsi” var idi. Həmin kiçik müəssisənin nəzdində "Turan”ı (klubun o vaxtkı adı - M.) təşkil etdik.

- Komandanın ilk çempionluğu necə yadınızda qalıb? Belə tez çempionluq gözləyirdiniz?

- Böyük işlər gördük, ölkədəki ən güclü futbolçuları və mütəxəssisləri kluba cəlb etdik. Əvvəlcə Zahid Hüseynov komandaya məşqçilik etməyə başladı. Sonra rəhmətlik Ruslan Abdullayevi dəvət etdik, gəldi işlədi. Ancaq Abdullayev elə bir insan idi ki… Güclü komanda yaranmışdı. Əslində, Ruslan güclü məşqçi idi. Sadəcə, onun komandasının çempion olmağını istəməyən insanlar var idi. Abdullayev deyirdi ki, komanda çempion olmağa layiqdir, amma bunun üçün o, vəzifəsindən getməlidir. Kazbek Tuayevi dəvət etdik. O da Ruslandan geri qalacaq məşqçi deyildi. Tuayev heç vaxt başqaları ilə münasibətini korlamırdı. Yəni, ona çox da mane ola bilməzdilər. Ümumiyyətlə AFFA rəhbərliyi tərəfindən böyük maneçiliklər var idi, çempionluğumuzu istəmirdilər. Çempionatın müqəddəratını üç oyun həll etməli idi. "Neftçi” və "Qarabağ”ı məğlubiyyətə uğratdıqdan sonra qarşımızı ala bilmədilər. Bununla da çempionluğun taleyi həll olundu və Azərbaycanı ilk dəfə Avropada təmsil etdik. Buna qədər heç millimiz də beynəlxalq yarışlarda oynamamışdı. Həmin dönəmlərdə bizi FİFA və UEFA-ya qəbul etdilər.

- Komanda çoxdandır çempionluq üzünə həsrətdir. Bu gün "Turan Tovuz”a qarşı fərqli münasibət var? Ətraf qüvvələr hansısa rol oynayır, yoxsa sırf maliyyə problemi ilə bağlıdır?

- İlk növbədə maliyyə problemi ilə bağlıdır. İngiltərə, Almaniya, İspaniya, Türkiyə çempionatlarına baxaq. Bəzən hansısa büdcəsi böyük olmayan komanda yaxşı təşkilatçılıq sayəsində çempionluq yaşayır. İstər-istəməz peşəkar futbolçular, fəaliyyətləri dönəmində daha çox pul qazanmaq istəyirlər və nəticə əldə olunan kimi başqa klublara gedirlər. Belədə komanda zəifləməyə başlayır. Fikrimcə, hazırda klubda işlər yaxşı təşkil olunub. Digər məsələlərə gəlincə, son oyunlarda bir neçə dəfə hakimlər tərəfindən "Turan Tovuz”a qarşı çox ciddi səhvlər buraxılıb. Bu da nəticələrə əsaslı təsir göstərib. 

- Bunları qərəz kimi qiymətləndirmək olar?

- Deyə bilmərəm. AFFA-nın hazırkı fəaliyyəti ilə o qədər də dərindən tanış deyiləm. Ola bilsin, səhv və ya qərəzdir. Amma deyə bilərəm ki, AFFA-da işlər düzgün qurulmur. Bu gün futbolumuzun inkişafı üçün dövlət pul ayırır. Bunu qiymətləndirmək lazımdır. Vaxtilə AFFA-da bütün təşkilati işlərində xidmətlərim olub. Demək olar, bütün proseslərə mən rəhbərlik etmişəm.

- AFFA-nın bugünkü fəaliyyəti sizi qane edir?

- Orada işlərin nə yerdə olduğunu deyə bilmərəm. Amma fikrimcə, dəyişikliklər var. İnkişafla əlaqədar onu deyə bilərəm ki, hər klubda bu gün "Qarabağ”dakı kimi müstəqil rəhbərlik olmalıdır. Belə çıxır, bütün klublara AFFA rəhbərlik edir. Onlar müstəqil olmalıdırlar. Elə sistem qurulub ki, hamısı AFFA-dan asılıdır. Bunu anlaya bilmirəm. Əslində klublar, müxtəlif regional, sahə futbol federasiyaları AFFA-nı yaratmalıdır. Onlar rəhbərliyi seçə və ya vəzifəsindən göndərə bilərlər. Bu gün görürəm ki, klublar ictimai birlik kimi yaradılıb. Nəyə lazımdır? Daha yaxşı olardı ki, onlar bütün dünyadakı kimi səhmdar cəmiyyət olaraq yaradılsın. Klubun bir, iki sahibi olsun. Ancaq AFFA klublara sahiblik etməməlidir. Bu, düzgün yanaşma deyil. Belə olan halda çətin ki, inkişaf edək. Təşkilatçılıq formasını dəyişməyə ehtiyac var. Gəlin "Qarabağ”a baxaq, inkişaf edir. Maneçilik olmasa, "Huner Group”a geniş imkanlar yaradılsa, "Turan Tovuz”da irəli gedəcək. Ancaq digər klublara şübhəli yanaşıram. 

- AFFA klublarda Müşahidə Şurası yaradır və öz adamlarını ora təyin edir. Bu, nə dərəcədə düzgün addımdır?

- Onu demək istəyirəm ki, AFFA klubların işinə qarışmamalıdır. Klublarda müstəqillik yoxdur.

- Sponsorlar da sanki klublara yaxın gəlmək istəmirlər…

- Yəqin ki, əsas səbəb AFFA-dır. Tutaq ki, kimsə "Qalatasaray”, "Beşiktaş.” və "Fənərbağça”ya rəhbər gəlmək istəyir və müəyyən qədər pul yatıracağını deyir. Ona imkan yaradırlar, nəticə tələb edirlər. Dövlət tərəfindən "Turan Tovuz”a iki milyon yarım pul ayrılır. Bununla yanaşı, başqa sponsorlar da olmalıdır. Kimin imkanı nəyə çatırsa, kömək etməsinə şərait yaradılmalıdır. Təşkilatçılığın formasını dəyişmək lazımdır.

- Neçə illərdir AFFA-ya eyni insanlar rəhbərlik edir. Dəyişiklik lazımdırmı? Niyə Azərbaycanda da məsələn, hansısa keçmiş futbolçu qurum prezidenti ola bilmir?

- Əslində, bu yanaşma da düzgün deyil. İdarəçilik qabiliyyəti yaxşı olmalıdır. Azərbaycanda idman siyasətinə qarışmıram, son vaxtlar nə yerdə olduğunu bilmirəm. AFFA-dakıların futbolla əlaqədar bilgisindən, yanaşmalarından da çox məlumatım yoxdur. Lakin ətrafına yaxşı mütəxəssislər toplayıb inkişaf etmək mümkündür. Mətbuatda da oxuyuram, bu gün bəzi klublarda prezidentlər məşqçilərin işinə qarışır. Belədə onlar həvəsdən düşürlər. Klub prezidenti olduğum müddətdə nə vaxtsa, hansısa məşqçinin işinə qarışmağım yadıma gəlmir. Ondan ancaq problemlərlə bağlı soruşa və nəticə tələb edə bilərəm. Daha güclü mütəxəssislərlə görüşlər keçirirdik, turnirlər təşkil edirdik. Fikrimcə, normal işlər qurmuşduq, amma alınmadı, kənarda qaldıq.

Səbuhi Həsənov