Ekonomiks 18:37 05.06.2023

Türk iş adamının Azərbaycandan çıxışına "stop" qoyula bilər (SƏBƏB)

Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Mustafa Korkmazın ölkədən çıxışı məhdudlaşdırıla bilər.

Qaynarinfo xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə müraciət edib. 

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. 

Mustafa Korkmaz "Korkmaz Group” MMC-nin qanuni təmsilçisidir. Şirkət 16 avqust 2016-cı ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 20 AZN-dir.

Hazırda şirkətin 104 304.51 AZN vergi borcu var. Güman ki, Mustafa Korkmaz elə bu borca görə məhkəməyə verilib. 

O, həmçinin "Korkmaz Goup M” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 30 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Bu şirkətin vergi borcu yoxdur. 

Mustafa Korkmazın adı bu ilin yanvarında gündəmə gəlib. Tovuz rayon sakini, Qarabağ qazisi Məmməd Hüseynov türkiyəli iş adamının ona 84 400 AZN borcu var. 

Qarabağ qazisi bildirib ki, 2019-cu il, 1 mart tarixində "Sabah Residence" Mənzil-Tikinti-Kooperativi ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə "Podrat" müqaviləsi bağlanıb.

Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib.

Görülən işlərə görə şirkət onlara vəsait ödəməli idi, amma ödəməkdən yayınır, müxtəlif yollarla imtina edir.

Məmməd Hüseynov dəfələrlə problemlə bağlı Mustafa Korkmaza müraciət etsə də, o, telefon danışıqları, vatsap yazışmalarında borcu hətta məbləği ilə təsdiqləsə də, ödəmək istəmir.

Seyid