Dünya 15:44 10.08.2022

Türkiyə bankları Rusiyanın “Mir” kartlarını qəbul etməyə başladı

Türkiyədə sanksiya tətbiq olunan Rusiya banklarının "Mir” kartları ilə alış-veriş etmək mümkün olub: Türkiyənin ən azı iki kredit təşkilatı bunu reklam etməsələr də, onları qəbul etməyə başlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.

Bir neçə rusiyalı turist nəşrə bildirib ki, onlar Türkiyədə "Sberbank” və VTB-nin "Mir” kartlarından problemsiz istifadə ediblər, həmçinin "DenizBank” və "VakıfBank” bankomatlarından türk lirəsi ilə nağd pul çıxarıblar.

"Sberbank”dan jurnalistlərə bildirilib ki, onların "Mir” kartları Türkiyədə ödəniş sistemi operatoru ilə müqavilələr əsasında qəbul edilir, müqavilə Türkiyənin beş kredit təşkilatı – "Türkiyə İş Bankası”, "Ziraat Bankası”, "VakıfBank”, "DenizBank” və "Halkbank”la imzalanıb. "Sberbank”dan əlavə ediblər ki, ayrı-ayrı şirkətlər öz mülahizələri ilə əməliyyatları məhdudlaşdıra bilərlər.

Qəzetin müsahibə verdiyi ekspertlər qeyd ediblər ki, Rusiya Federasiyasının sanksiya tətbiq edilmiş bankları ilə əməkdaşlığa görə ikinci dərəcəli sanksiyaların tətbiqi riski şişirdilib: əgər kartla əməliyyatlar dollarla deyil, yerli valyutada aparılırsa, o zaman problemlər yaranmaya bilər.

İndi bu ödəniş sisteminin bank kartları Türkiyədən başqa doqquz ölkədə qəbul edilir: Vyetnam, Ermənistan, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziya (sonuncu ikisi Azərbaycan Respublikası tərəfindən müstəqil ölkə kimi tanınmır – red.).

Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanovun sözlərinə görə Mərkəzi Bank Rusiyanın "Mir” ödəniş sisteminin ölkəmizdə fəaliyyət imkanlarını müzakirə edir.

Nizami Bağırov