Siyasət 14:02 08.06.2022

Türkiyə diplomatiya mərkəzinə çevrilir - Politoloq

Türkiyə bu günlər xarici ölkə rəsmilərinin mühüm görüş məkanına çevrilib. Belə ki, eyni gündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Venesuela prezidenti Nikolas Madura Türkiyəyə gəliblər. Xəbərlərə görə, Rusiyanın xarici işlər naziri burada iki gün olacaq. O, artıq Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşəcək. Məlumata görə, danışıqların diqqət mərkəzində Qara dənizdə Ukrayna taxılını daşıyan gəmilər üçün təhlükəsizlik dəhlizinin açılması məsələsi durur.

Türkiyə Moskvanın hücumu ilə bağlanan Qara dəniz limanlarından karvanları müşayiət etməyi təklif edib. Bu arada mövzu ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ukrayna taxıl ixracının həyata keçirilməsi üçün sahillərini minalardan təmizləməlidir. "Bu, hərbçilərimiz tərəfindən onların heç bir silah daşımadığına əmin olmaq üçün yoxlanılan gəmilərə limanlara girməyə, taxıl yükləməyə və bizim köməyimizlə beynəlxalq sulara çıxmağa imkan verəcək", deyə, o bildirib.

Səfərlər barədə Qaynarinfo-ya danışan politoloq Natiq Mirinin fikrincə, Lavrovun səfəri çərçivəsində iki məsələnin müzakirəsi gözlənilir:
 
"Türkiyə ilə Rusiya arasında hərbi yöndə müzakirə predmeti olacaq iki əsas məsələ var. Onlardan biri Qara dənizdə Rusiyanın blok etdiyi limanların açılması və onların vasitəsilə Ukrayna taxılının ixracı məsələsidir. Bu məsələdə də bəzi həssas hərbi məqamlar mövcuddur. Həmin limanların ətrafı minalanıb və onların təmizlənməsi məsələsi gündəmdədir. İkinci məsələ isə taxılı daşıyacaq ticarət gəmilərinin hansı nəzarət çərçivəsində hərəkət edəcəyi ilə bağlıdır. İlkin razılaşmaya görə neytral sulara qədər gəmiləri Türkiyə, İstanbul boğazına qədər isə rus gəmiləri müşayiət edəcək. Lakin Kiyev Moskvaya güvənmir. Hər an bu gəmilər ruslar tərəfindən girov götürülə və ya məhv edilə bilər. Ukrayna istəyir ki, həmin ekvatoriyanı bir neçə dövlətin donanması təhlükəsizlik zəmanətinə götürsün. Problem bununla bağlıdır”.

Politoloq hesab edir ki, ikinci məsələ Suriyanın şimalında Türkiyənin keçirmək istədiyi hərbi əməliyyatla bağlıdır:
 
"Ankara hərbi əməliyyatı tək Suriyanın şimalı, xüsusən Fəratın qərbindəki Membiç və Terifatda keçirmək istəmir. Eyni zamanda, Kobani və Rakka rayonunun Ayni İsa bölgəsində də hərbi əməliyyat keçirmək niyyətindədir. Bu isə Moskvanın maraqlarına cavab vermir. Ona görə də Moskva bu məsələdə Türkiyəyə müəyyən problemlər yaratmağa çalışır. Düşünürəm ki, bu istiqamətdə ciddi müzalirələr olacaq”.

Maduronun səfərinə gəldikdə, həmsöhbətimiz qeyd edir ki, bu, Venesuelaya qlobal səviyyədə neft satışına qoyulan embarqoların aradan götürülməsilə bağlıdır:
 
"Avropa ilin sonuan qədər Rusiya neftindən imtina etmək istəyir. Bu mənada ABŞ Venesuelaya neft embarqosunu ləğv edərsə, onun Avropaya nəqlini təmin etmək olar. Düşünürəm ki, Venesuela prezidentinin Türkiyəyə dəvətinin kökündə dayanan əsas məsələ də budur”.

Rüfət Sultan