Dünya 13:06 21.11.2022

Türkiyə hərəkətə keçdi: “İstanbul terroru”nun cavabı verilir (ŞƏRH)

Türkiyə eyni anda İraqın və Suriyanın şimalında kürd terrorçularına qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlara başlayıb. Hər iki istiqamətdə terrorçuların məskunlaşdıqları bütün dayaq məntəqələri bombardman edilir. 

Türkiyə İraq və Suriya ərazisində 30 km-lik məsafədə təhlükəsizlik zonası yaratmaq üçün xeyli müddət idi ki, sözügedən ərazilərdə kürd terrorçularına qarşı hərbi əməliyyatlar keçirməyə çalışırdı. Lakin Qərb dünyası və Rusiyanın buna kəskin etirazı fonunda xeyli müddət idi ki, prosesin həyata keçirilməsi ləngiyirdi. Görünür, Ankara tərəfləri artıq məsələnin ciddiliyinə inandıra bilib. İstanbulda baş verən terror hadisəsi və onun PKK tərəfindən törədilməsi terrorçuları məhv etmək üçün hərəkətə keçmək məsələsində Türkiyənin nə qədər haqlı olduğunu bir daha ortaya çıxardı. İstisna deyil ki, Ərdoğan G20-in sammitində ABŞ Prezidenti Co Baydenlə görüşdə bu məsələni də müzakirə edərək, nəhayət, onun da etiraz etməməsinə nail ola bilib.

Politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Türkiyə hava zərbələri əməliyyatını doğru bir zamanda həyata keçirib:

"Türkiyənin daxili işlər naizri Süleyman Soylu verdiyi açıqlamada bildirmişdi ki, İstanbulda törədilən terror aktının cavabı ciddi şəkildə veriləcək. Türkiyə xalqı da bunu gözləyirdi. Bu baxımdan, AKP hakimiyyəti mütləq mənada terror hadisəsinə ciddi cavab verməli idi. İkincisi, terror yuvasını bombardman etmək üçün seçilən zaman uyğun idi. İstanbulda insanların çoxsaylı toplaşdığı ərazidə terror hadisəsi törədilib. Türkiyə gözlədi və əksər ölkələr həmin terror aktını pislədilər. Bu fonda yaranmış situasiyada Türkiyənin keçirdiyi əməliyyat legitimlik qazandı. Ankaranın özünü müdafiə hüququ var. BMT Nizamnaməsi buna imkan verir. Ona görə də antiterror əməliyyatının keçirilməsindən sonra Türkiyəyə qarşı ciddi basqıların, anti-Türkiyə mediasında ölkə əleyhinə yazıların getməyəcəyi bəlli idi. Bu mənada, keçirilən əməliyyatın zamanı çox doğru seçilib”. 



Politoloq qeyd edir ki, Ankaranın keçirdiyi son hava zərbəsi məsələsində ABŞ-ın sərgilədiyi baxış heç bir rol oynamayıb:

"Türkiyə daxili işlər nazirinin dolayısı ilə terror hadisəsinin keçirilmə sifarişinin ABŞ-dan gəldiyinə işarə etməsi fonunda Ərdoğanla Bayden arasında görüşün o qədər də rəvan keçmədiyini hiss olunur. Yəni, Türkiyənin keçirdiyi son hava əməliyyatında ABŞ-ın məsələyə baxışı heç bir rol oynamayıb. Türkiyə sadəcə regionda söz sahibi olduğunu bir daha sübut etdi”. 

Ekspert düşünür ki, keçirilən əməliyyat tək hava zərbələrilə məhdudlaşmayacaq:

"Əsas hədəflər vurulsa da, Türkiyənin hədəfləri daha böyükdür. Ankara Suriyadakı PKK və YPG terrorçularını ölkənin 30 km-lik cənubuna doğru sıxışdırmaqla həmin ərazidə təhlükəsiz zona yaratmaq istəyir. Sonradan isə ora Suriyadan olan qaçqınlar köçürüləcək. Hələ də bu plan masa üzərindədir. Yəqin ki, son hava zərbələrinin nəticələri araşdırılandan və dünyanın prosesə reaksiyası bilinəndən sonra Türkiyə quru əməliyyatına da başlayacaq. Türkiyə əlində olan bu legitimlikdən yararlanmalıdır”. 

Rüfət Sultan