Dünya 23:35 02.10.2023

Türkiyə Konstitusiya dəyişikliyinə gedir: Ərdoğanın hədəfləri aydınlaşır (ŞƏRH)

"Qardaş ölkədə yeni demokratik Konstitusiyanın qəbulu Türkiyə cəmiyyətində, dövlət strukturları arasında qarşıdurmanın qarşısını ala, ölkənin inkişafının önünü aça bilər. Xüsusilə də bu məsələ hüquqi zəmində daha təsirli olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə Konstitusiya dəyişikliyinə gediləcəyilə bağlı fikri şərh edərkən deyib.

Politoloq bildirib ki, Türkiyənin mövcud Konstitusiyası hərbi çevriliş Konstitusiyası adlandırılır və əngəlləyici bir çox müddəaları ilə ölkəni inkişafına problemlər yaradır:



"Çünki keçən əsrin 80-ci illərində törədilən hərbi çevrilişdən sonra mövcud Konstitusiya ortaya çıxıb. Konstitusiya Türkiyədə bir çox məsələlərdə, xüsusən də demokratiya və insan hüquqları ilə bağlı paralelik və problemlər yaradır. Həmin problemlər əsasən dövlət strukturları, xüsusilə də Konstitusiya Məhkəməsilə siyasi hakimiyyət arasında müəyyən problemlərin yaranmasına rəvac verib. 21 ildir ki, Ərdoğanın rəhbəri olduğu AKP hakimiyyətdədir, hələ də problem həll olunmayıb. Onu da qeyd edim ki, mövcud problem sadəcə AKP-nin problemi deyil, Türkiyənin problemidir”. 

Natiq Miri vurğulayıb ki, qardaş ölkədə yeni demokratik Konstitusiyanın qəbulu hüquqi zəmində daha təsirli olacaq: 

"Bu addım siyasi hakimiyyətin çevik qərarlar qəbul etməsi üçün strateji əhəmiyyət daşıyır. Məsələ bu günə qədər bir neçə dəfə qaldırılıb. Ancaq Qərb mərkəzləri, daxildəki bir sıra partiyalar həmin məsələdə "Cümhur İttifaqına” dəstək verməyib. Bu partiyalar növbəti dəfə parlament səviyyəsində prosesi boykot etsə, hakimiyyət məsələni xalqın iradəsinə buraxaraq, Konstitusiya dəyişikliklərini referenduma çıxaracaq. Ümumiyyətlə, bu istiqamətdə qətiyyətli siyasi iradə mövcuddur”.

Natiq Miri vurğulayıb ki, Ərdoğan mövcud hakimiyyəti dönəmində mütləq mənada məsələni həll etmək niyyətindədir:

"Ona görə də Ərdoğan Konstitusiya dəyişikliyinə getməyi vacib hesab edir”. 

Qeyd edək ki, Ərdoğan bu günlərdə bir sıra önəmli açıqlamalar verib. Ərdoğan deyib ki, seçkilərdən əvvəl gündəmə gətirilən konstitusiya dəyişiklikləri üzərində iş gedir. O bildirib ki, yeni konstitusiya Türkiyənin məqsədlərinə çatmağına şərait yaradacaq. 

Rüfət Sultan