Türkiyə millisinin yeni baş məşqçisinin adı müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, Türkiyə Futbol Federasiyası komandanın "sükanı arxasına" Vinçenzo Montellanın gətirildiyini açıqlayıb. Mütəxəssislə üçillik müqavilə imzalanıb.
1974-cü ildə anadan olan mütəxəssis futbolçu karyerasına "Empoli”də başlayıb, daha sonra "Cenoa”, "Sampdoria”, "Roma” və "Fulham”də çıxış edib. İtaliya futbolunun simvolik adlarından olan Montella yığmanın heyətində 20 oyunda meydana çıxıb. O, 2000-ci ildə Avropa çempionatı və 2002-ci ildə dünya çempionatında İtaliyi millisinin heyətində yer alıb.
Məşqçi karyerasına 2011-ci ildə "Roma"da başlayan keçmiş hücumçu daha sonra "Kataniya", "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya"nı çalışdırıb. "Fiorentina" ilə üç mövsüm ardıcıl A Seriyasında ilk "dördlük"də qalmağı bacaran italiyalı çalışdırıcı 2014-2015-ci illərdə komandasını Avropa Liqasının yarımfinalına çıxarıb. "Sevilya"da işlədiyi müddətdə komandanı "Kral Kuboku"nun finalına çıxarıb və klubun tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib.
2019-cu ildə yenidən "Fiorentina"da çalışan Montella, 2021-ci ildə Türkiyənin Super Liqa klublarından olan "Adana Dəmirspor"un baş məşqçisi olub. "Adana Dəmirspor" 2022/23 mövsümünü italiyalı məşqçinin rəhbərliyi altında Super Liqanın dördüncü pilləsində başa vuraraq, klub tarixinin ən yüksək liqa reytinqinə yüksəlib.
Səbuhi Həsənov
Şərhlər