Dünya 15:20 10.12.2023

Türkiyə Qəzzada nizamlanma üçün 11 bəndlik plan təklif etdi

Türkiyə Xarici İşlər Nazirliyi dərhal atəşkəs tələbi də daxil olmaqla 11 bənddən ibarət Qəzza zolağında vəziyyətin nizamlanması planını təqdim edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Akşam" qəzeti mənbələrə istinadən məlumat yayıb. 

Mənbənin sözlərinə görə, plan artıq BMT Təhlükəsizlik Şurasının bütün 5 üzvünə təqdim edilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının Ər-Riyadda keçirilən zirvə toplantılarından sonra yaradılan Qəzza üzrə təmas qrupunun üzvlərinə nizamlanma planını təklif edib. Təmas qrupuna 7 ölkə daxildir: Türkiyə, İndoneziya, Nigeriya, İordaniya, Misir, Qətər və Səudiyyə Ərəbistanı.

Nəşrin məlumatına görə, plan artıq ABŞ dövlət katibi Antoni Elinkenə, həmçinin Rusiya, Çin, Böyük Britaniya və Fransa nümayəndələrinə təqdim edilib. 11 bənddən ibarət plana dərhal atəşkəs, humanitar fasilə elan edilməsi və səhiyyə sisteminin fəaliyyətinin təmin edilməsi müddəaları daxildir. Planda noyabrın 24-də elan edilən humanitar fasilənin nəticə vermədiyi qeyd edilir. Türkiyənin planının əsas məqamı uzunmüddətli atəşkəsdir.

Türkiyə rəsmilərinin fikrincə, münaqişə həll edildikdən sonra təhlükəsizliyin təmin edilməsi üçün qarant ölkələrin mexanizmindən istifadə oluna bilər. Onların planına görə, atəşkəsdən sonra BMT qətnamələrinə əsasən 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə nəticələnəcək sülh prosesinə start veriləcək.

Aydın