Dünya 20:19 12.02.2024

Türkiyə və Rusiya yeni ödəniş sisteminə keçə biləcək? (ŞƏRH)

"O, SWIFT-ə alternativ ola bilməyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyə ilə Rusiyanın ödənişlərdə SWIFT-ə alternativləri müzakirə etmələrini şərh edərkən deyib. İqtisadçı qeyd edib ki, Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsində ciddi artımlar var:

"2023-cü ildə onlar arasında ticarət dövriyyəsinin həcmi 50 milyard dolları keçib. Ona görə də beynəlxalq sanksiyalara tuş gəlməmək, müəyyən ödənişlərin gecikməməsi üçün iki ölkə birgə ödəniş sistemləri tətbiqi barədə ümumi razılığa gəlib. Amma bu SWIFT-ə alternativ deyil. Bu iki ölkə arasında sadəcə olaraq ticarət dövriyyəsini, pul köçürmələrini asanlaşdırmaq üçündür. Onun alınıb-alınmayacağı hələlik bəlli deyil. Hər halda buna cəhdlər var".
 


Həmsöhbətimiz əlavə edib ki, Rusiya ilə Çin arasında da oxşar ödəmə sistemləri mövcuddur:

"Bununla bağlı müəyyən uğurlu nəticələr də var. Amma prosesi yuan üzərindən həyata keçirirlər. Türkiyə ilə Rusiyanın hansı valyutada və necə həyata keçirəcəklərini indidən söyləmək çətindir. Lakin iki ölkə arasında ticarət dövriyyəsinin böyük həcmdə olduğunu nəzərə alaraq yeni və asan pul köçürmə sistemlərinə ehtiyac var. Bununla belə, o, SWIFT-ə alternativ ola bilməyəcək".

Qeyd edək ki, Türkiyə və Rusiya ödənişlərdə SWIFT-ə alternativləri müzakirə edir. Türkiyədə mütəxəssislər mümkün risklərdən qaçmaq üçün SWIFT-in Rusiya analoqu - Maliyyə Mesajlarının Ötürülməsi Sistemini (SPFS) öyrənirlər. Bu barədə RİA Novosti-yə Türkiyənin bank sektorundan anonim mənbə bildirib. O qeyd edib ki, Rusiya artıq bəzi ölkələrlə bu sistemdən istifadə etməklə maliyyə əməliyyatları apardığından Türkiyədə də tətbiq imkanları var. 

Rüfət Sultan