Dünya 18:54 20.02.2023

Türkiyədə infrastrukturun və binaların bərpasına nə qədər pul lazım olacaq?

"Bütövlükdə infrastrukturun və ilkin olaraq yaşayış binalarının bərpası təxminən 100 milyard dollarlıq bir vəsait tələb edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov zəlzələ nəticəsində Türkiyə infrastrukturuna və uçmaq təhlükəsi olan binalara dəyən ziyanın həcmindən danışarkən deyib. Deputat bildirib ki, sonrakı dövrlərdə həmin ərazilərin genişləndirməsi əlavə vəsaitə ehtiyac yarada bilər:

"Amma Türkiyə ziyanın aradan qaldırması üçün bu istiqamətə kifayət qədər böyük vəsait ayrımaq məcburiyyətində qalacaq. Zəlzələ nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanla bağlı fərqli rəqəmlər var. "Bloomberg” ümumi daxili məhsulun 10%-i həcmində ziyanın dəydiyini müəyyənləşdirib. Bu da təxminən 90 milyard dollara yaxın vəsaitdir. 



Dünya Bankı tərəfindən qeyd edilən vəsait kifayət qədər böyükdür. Bu həcm Türkiyə ümimi daxili məhsulunun təxminən yarısı deməkdir. Düşünmürəm ki, bu qədər vəsaitə ehtiyac olsun. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq üçün tələb edilən vəsaitin həcmi kiçik deyil. Həm beynəlxalq hesabatlara uyğun olaraq, eyni zamanda bizim də qiymətləndirmələrimiz göstərir ki, bütövlükdə dəymiş ziyanı aradan qaldırmaq üçün 100 milyard dollara yaxın vəsaitə ehtiyac olacaq”.
 
Vüqar Bayramov hesab edir ki, hansı müddətdə dəymiş ziyanın aradan qaldırılması və infrastrukturun, evlərin bərpa edilməsi də önəmlidir:

"Bərpanın mərhələli şəkildə həyata keçirilməsi Türkiyə iqtisadiyyatı üçün yaranacaq yükün həcminin azaldılmasına gətirib çıxara bilər”.

"Bloomberg" agentliyi Türkiyənin Sahibkarlar Konfederasiyası və işgüzar dairələrin nümayəndələrinə istinadən məlumat yayıb ki, zəlzələ qardaş ölkəyə 84 milyard dollar zərər vurub. Dünya Bankı Türkiyədə zəlzələnin vurduğu zərəri tam aradan qaldırmaq üçün 465 milyard dollar pul lazım olacağını açıqlayıb.
 
Bahar Rüstəmli