Dünya 12:06 04.10.2022

Türkiyədən Rusiyaya qazla bağlı təklif: 2024-cü ilə qədər...

Türkiyə hakimiyyəti Rusiyadan qaza görə ödənişlərin təxirə salınmasını istəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazıb

Nəşrin məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, Ankara enerji qiymətlərinin artmasının vurduğu zərəri azaltmağa çalışacaq.
Türkiyənin milli qaz şirkəti "Boru Hatları ile Petrol Tasima AŞ” (BOTAŞ) bəzi ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasını təklif edib. Artıq Moskva ilə Ankara arasında BOTAŞ-a daxil olan karbohidrogenlərin ¼ hissəsini dollarla deyil, rublla ödəməyə imkan verən razılaşma mövcuddur.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, son danışıqların hansısa razılaşmaya gətirib çıxaracağı hələlik bəlli deyil. BOTAŞ və Qazprom şərh verməkdən imtina ediblər. "Qazprom”un mövqeyi ilə tanış olan şəxsin sözlərinə görə, Türkiyə şirkətə rəsmi müraciət etməyib və Moskva konkret təklif alana qədər ödənişlərin təxirə salınması məsələsini müzakirə etməyəcək.

Türkiyənin enerji idxalından ciddi asılılığı milli valyutaya təzyiq göstərir. 2022-ci ildə türk lirəsi dollar qarşısında 28%-dən çox dəyər itirib.

Bu ilin sentyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə qazın qiymətinin müzakirə olunduğunu və endirimə ümid etdiyini bildirmişdi.

Bazar ertəsi Aİ-nin Rusiyanın enerji resurslarından ən çox asılı olan ölkələrindən biri olan Macarıstan bu qış Qazprom ilə bağladığı qaz müqaviləsi üzrə ödənişləri təxirə salmağa razılaşıb. Macarıstan iqtisadiyyatının bu il enerji resurslarının alınması xərcləri 19 milyard dollara çatacaq ki, bu da 2019-cu illə müqayisədə təxminən beş dəfə çoxdur. Eyni zamanda, ölkə hökuməti Kremlin Aİ-dəki sonuncu "müttəfiqi” olaraq qalır və Ukraynadakı müharibəyə görə sanksiyaların qəbulunu müntəzəm olaraq ləngidir.

Nizami Bağırov