Amal Abuşov
İdman 14:21 15.06.2022

UEFA AFFA-ya bənzəməyə başlayanda...

Madrid "Real”ının və Xorvatiya millisinin dünyaca məşhur futbolçusu Luka Modriç üsyan edib. Onun narazılığı qitənin ali futbol qurumunun tərtib etdiyi sıx təqvimdi. Sitat: "Bu qədər sayda oyun keçirmək normal deyil. Ağır mövsümün ardınca 10 günə 4 oyun keçirmişik. Bu addım insanlığa sığmır”.

UEFA-nın bu narazılığa əhəmiyyət verib-verməyəcəyini bilmirəm. Çoxdandı ki, UEFA futbolu "öldürüb”, məfəətini artırmaqla məşğuldu. Futbolun romantikası, gözəlliyi daha çox pul qazanmaq həvəsinə qurban verilir. Oyunların sayı ildən-ilə artırılır. Bu addım da mərc şirkətlərinin, teleyayımçıların, reklam tərəfdaşlarının, sponsorların, bilet satışından gəlir əldə edənlərin maraqlarını hesablanıb. Unudurlar ki, meydanda topun arxasınca qaçan, milyonların sevimli oyununun dilsiz-ağızsız aktyoruna çevrilən futbolçular insandı, robot deyil. Onların da fiziki imkanları, gücü-qüvvəti müəyyən bir həddə qədərdi. Futbolçuları həddindən artıq yükləmək, ilboyu ağır məşqlərə və gərgin oyunlara çıxmağa məcbur etmək ədalətsizlikdi. Modriç UEFA-nın bu davranışının adını yaxşı qoyub. Bəli, belə davranış insanlıqdan xaricdi.

Söhbət təkcə məşqlərin və oyunların fiziki baxımdan ağırlığıdan, futbolçuların yüklənməsindən getmir. Məsələnin həm də psixoloji tərəfi var. İnsan dincəlməli, öz şəxsi işləri ilə məşğul olmalı, ailəsinə və yaxınlarına yetərincə vaxt ayırmaq imkanına sahib olmalıdı. O cümlədən də futbolçular da bu cür yaşamaq istəyir, daxili tələblarını ödəmək məcburiyyəti hiss edirlər. Elə Modriçin üsyanının əsas səbəblərindən biri də budu. Hiss etmək çətin deyil ki, xorvatiyalı futbolçu təkcə fiziki baxımdan yox, həm də mənəvi cəhətdən yorulub. Buna görə də UEFA-ya qarşı üsyan bayrağını açıb. Bu dəqiqə dindirsən, bir çox məşhur futbolçular eyni sözləri deyər, UEFA-nın futbolçuların başına açdığı oyundan şikayətlənərlər.

Kimsə düşünə bilər ki, futbolçular milyonlar qazanırlar. Ona görə də susmağa məcburdular. Amma gəlin, hər şeyi öz arşınımızla ölçməyək. Birinci, heç də bütün futbolçular milyonçular deyillər. İkincisi də, bıçaq sümüyə dirənəndə, su boğaza qədər qalxıb, adamı boğmağa başlayanda, heç həmin milyonlar da yada düşmür. Modriçin pulunu saymasaq da, bilirik ki, gənc yaşlarından yüksək səviyyədə futbol oynayan, yaxşı müqavilələr bağlayan Lukanın sərvəti yetərincədi. Hətta o qədərdi ki, bundan sonra futbolu atıb, pul qazanmasa da, şad-xürrəm yaşaya bilər. Deməli, onları pullarını kəsməklə qorxutmaq, yaxud da daha çox pul təklif etməklə şirnikləşdirib susdurmaq mümkün deyil. Belə davam etsə, UEFA-ya yeni cəbhə açılacaq, narazılar daha kəskin formada bunu nümayiş etdirməyə başlayacaqlar.

Mövcud durumdan narazı qalan təkcə futbolçular deyil. Elə biz azarkeşlər də dadsız-duzsuz, yalançı sürprizlərlə dolu qarşılaşmalardan həzz ala bilmirik. Görünən odu ki, Avropanın aparıcı ölkələri Millətlər Liqasına əhəmiyyət vermir, əsas futbolçularını qorumağa çalışırlar. Belə olan halda misal üçün, İtaliya–İngiltərə qarşılaşmasının gurultulu səslənən afişasından savayı ortaya heç nə çıxmır. Yuxuna haram qatıb futbola baxırsan, amma izlədiyin oyundan heç bir zövq almırsan. Dünya çempionatını dəyərli edən həm də onun dörd ildən bir keçirilməsidi. Azarkeşlər 4 il səbr edir ki, gərgin oyunlar izləsinlər, futbol bayramı yaşasınlar. Bir həftədə iki dəfə İngiltərənin Macarıstana uduzmasını, Türkiyənin Litvanı məğlub etməsini görmək futbolu ucuzlaşdırmaqdan başqa heç nəyə yaramır.

Sanki Azərbaycan Premyer Liqasıdı. Bizim çempionatda klublar mövsüm ərzində dörd dəfə üz-üzə gəlirlər, kubokda da rəqib olanda 10 gün ərzində üç dəfə qarşılaşdıqları vaxt da olur. Görünür, UEFA da AFFA-dan öyrənməyə başlayıb. Bunun nəylə nəticələndiyini isə azərbaycanlı futbol azarkeşləri daha yaxşı bilir. Ümid edək ki, UEFA səhvini anlayacaq, ziyanın yarısından qayıdacaq. Futbolçular da yazıqdı, azarkeşlər də.

Amal Abuşov