İdman 13:06 02.12.2022

UEFA "Yuventus"la bağlı araşdırmalara başladı

UEFA İtaliya klubu "Yuventus"a qarşı maliyyə feyr-pleyi və klubların lisenziyalaşdırma qaydalarının mümkün pozuntusuna görə araşdırmaya başlayıb.

Qaynarinfo-nun məlumatına görə klubdakı maliyyə pozuntuları ilə bağlı mətbuatda yer alan iddialar, İtaliya Bazarına Nəzarət Şurası (CONSOB) tərəfindən davam edən araşdırmalar nəzərə alınaraq, "Yuventus"a qarşı rəsmi araşdırmaya başlanıldığı bildirilib.

Açıqlamada xatırladılıb ki, UEFA Klubların Maliyyə Nəzarəti Şurası (CFCB) və "Yuventus” 23 avqust 2022-ci ildə 2018, 2019, 2020, 2021 və 2022-ci maliyyə illərini əhatə edən restrukturizasiya sazişi imzalayıb. İlk ekspertizanın nəticələrinə görə, müqavilədə müəyyən edilmiş rəqəmlərlə klubun hazırkı maliyyə vəziyyəti arasında ciddi fərq olduğu vurğulanıb. Araşdırmadan sonra əldə olunacaq yeni məlumatlara uyğun CFCB klubla birtərəfli qaydada müqaviləni ləğv, qanuni hüquqları üçün məhkəməyə müraciət və intizam tənbehi tətbiq edə bilər. 

Turin Baş Prokurorluğunun 2021-ci ilin may ayından etibarən "Yuventus"un maliyyə hesablarında baş verən pozuntularla bağlı apardığı "Prisma" adlı araşdırma çərçivəsində "Yuventus"un sədri Andrea Anelli və idarə heyətinin bütün üzvləri həftə ərzində istefa verib. Kluba Canluka Ferrero sədr təyin olunub.

İspaniyanın 1-ci və 2-ci futbol liqalarının klublarına bağlı olan La Liqa tərəfindən də İtaliya təmsilçisi futbolçularının real maaşlarını və işçilərinin xərclərini gizlətməkdə, transfer dəyərlərini həqiqətdən yuxarı göstərməkdə ittiham edib. Qurum UEFA-dan "Yuventus"a dərhal idman sanksiyası verilməsini tələb edib.

"Yuventus"un maliyyə hesablarını araşdıran Baş Prokurorluq, ədalətsiz sərmayə qazanma, oyunçu maaşlarının gizlədilməsi, transfer dəyərlərinin olduğundan qat-qat yüksək göstərilməsi kimi qanun pozuntularına görə ittiham aktı hazırlayarkən, klubun məhkəməyə veriləcəyi ifadə edildi. İstintaqın tamamlandığına dair bildiriş alan keçmiş prezident Anyelli və rəhbərlərə qarşı cinayət işi açılacaq. İtaliya Futbol Federasiyası da idman baxımından "Yuventus"a qarşı istintaq işi açıb.

Səbuhi Həsənov