Hüseynbala Səlimov
Dünya 10:25 06.02.2023

Ukrayna bu vəziyyətində Saakaşvilini unutmursa...

Bu yaxınlarda bizim telekanalların birində hazırda həbsdə olan keçmiş gürcü prezidenti Mixeil Saakaşvilidən kadrlar verirdilər. 

İlahi, adam nə qədər dəyişərmiş! Biz Gürcüstanı demokratik ölkə bilirdik! Amma deyəsən, arabir ona deyilən "Qafqazın Siciliyası” ayaması da çox doğru imiş! 

Bir vaxt Ukrayna ilə Moldovaya Avropa İttifaqına namizəd dövlət statusu veriləndə Gürcüstanın bu prosesdən kənarda qalmasından tamam qeyzlənmişdik. Amma belə görünür ki, Gürcüstanın Avropa dövləti olmasına hələ çox var!..

Bəli, milyarder B.İvanişvilinin uşaqları hakimiyyət üçün hər şeyə hazırmış. Onlar dövlət səviyyəsində münasibətləri təzədən qurmaqda elə də mahir olmasalar da, özlərini ayrı-ayrı fərdlərdən qorumaq sahəsində çox bacarıqlıdırlar. Belə ki, Rusiya ilə münasibətlərin guya normallaşacağı haqqında keçmiş vədlər elə cənab İvanişvilinin özünün siyasətdən çəkildiyi kimi duman kimi qeyb olub getdi. 

Amma yox, gəlin tələsməyək. Rusiya Ukrayna müharibəsini başlayanda İvanişvilinin özü dərhal siyasətdən getdiyini bəyan etdi, onun hakimiyyətdə olan "uşaqları” isə bildirdilər ki, Moskvaya qarşı sanksiya və siyasi kursa qoşulmayacaqlar. Demirik ki, Kreml buna dərhal inandı, di gəl, onların Kiyevdən sonra hədəfin Kişinyov olacağını deməsi belə bir təəssürat yaradır ki, Moskva "Gürcü arzusu”nun yeni siyasətindən bir az razı qalıb.

Rəsmi Tiflis bununla məhdudlaşmır. Onlar da anlayır ki, dünya gör-götür dünyasıdır. Odur ki, Avropanı da unutmur, ora öz emissarlarını göndərir və Brüsseli əmin etməyə çalışırlar ki, onlar namizəd – dövlət statusunu səbrsizliklə gözləyirlər...

Bəli, bir vaxt üç GÜAM dövlətinin geosiyasi ittifaqı sarsılmaz görünürdü. İnid bu ittifaq çat verib, özü də təkcə Tiflisin Rusiyaya qarşı siyasəti ucbatından yox. Ukrayna M.Saakaşvilini müdafiə edir və onun azad olmasını, ən azı müalicə olunmaq üçün Avropa ölkələrindən birinə təhvil verilməsini tələb edir...

Bilirsiniz, bu, çox diqqətəlayiq hadisədir. Düzdür, Saakaşvili Ukrayna vətəndaşıdır, deyə bilərsiniz. Amma hər dövlət öz vətəndaşına qarşı belə diqqətli olmur, xüsusən də Ukraynanın belə ağır vaxtında...

Biz Gürcüstanı Rusiya siyasətinə görə qınamırıq. O, çox kiçik dövlətdir və Ukraynadan fərqli olaraq bir vaxt Rusiyanın həmləsinə heç bir gün də duruş gətirə bilməmişdi. O da aydındır ki, Rusiya Ukrayna müharibəsindən qalib çıxsa, Tiflis ilə də haqq-hesab çəkəcək. Belə olacağı təqdirdə, o da gün kimi aydındır ki, NATO Gürcüstana görə Ukraynada olduğu kimi, Rusiyaya qarşı vuruşmaycaq. Odur ki, bir daha deyirik: "Gürcü arzusu” ehtiyatlı siyasət aparmaqda düz edir.

Problem başqadır. Rəsmi Tiflis həm qorxur, həm də qəddarlıq edir və qəddarlığı o, keçmiş prezident Saakaşviliyə qarşı edir. Əslində "Gürcü arzusu” hakimiyyəti başqlarına təhvil verib, öz şefləri B.İvanişvili kimi aradan çıxmağı düşünməli idilər, çünki indiki siyasət meydanı heç də onlarlıq deyil. Amma onlar bunu etmirlər. Halbuki onlar da İvanişvili dalğasında hakimiyyətə gəlmiş, öz hakimiyyətlərini yalan vədlər üstündə qurmuşdular. Birinci, İvanişvili demişdi ki, guya Rusiya ilə normal və bərabərhüquqlu münasibətlər quracaq. Amma bu olmadı və Rusiyanın adamı olan İvanişvili Saakaşvilinin qərbyönümlü siyasətini bərpa etməli oldu, çünki Moskva ondan özü kimi ölkəsinin də nökər olmasını tələb edirdi. İkincisi, "lüt demokrat” Saakaşvilidən fərqli olaraq milyarder olan İvanişvili, necə deyərlər, heç də hamıya iş və aş verə bilmədi. Bu müstəvidə də Saakaşvilidən qalma kursu davam etdirməli oldu...

"Gürcü arzusu” Saakaşvilidən niyə əl çəkmir? Ona görə ki, Mixeil onları qorxulu yuxu kimi təqib edir. Aydın məsələdir ki, yaxın perspektivdə hakimiyyəti onlardan məhz Saakaşvili ala bilər, çünki təkcə çox tanınan siyasətçi yox, həm də çox fəal bir adamdır...
 
Hüseynbala Səlimov