Dünya 16:57 20.02.2024

Ukrayna Prokurorluğu: 2014-cü ildə Maydanda rusiyalı snayperlər olmayıb

2014-cü ildə Maydanda rusiyalı snayperlər olmayıb. 

Qaynarinfo "Strana.ua”ya istinadən xəbər verir ki, bunu Ukrayna Baş Prokurorluğunun Maydanla iş üzrə departamentinin rəhbəri Aleksey Donskoy keçirdiyi brifinqdə deyib.

"Əgər kimsə Maydanda rusiyalı snayperlərin və Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğunu eşitmək istəyirsə, belə bir şey olmayıb. Bu real faktlara əsaslanmayan gözəl versiyadır. Öldürən və zorakı cinayətlər törədən məhz Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları olub”, - Donskoy bildirib. 
Eyni zamanda, o, Rusiya xüsusi xidmət orqanlarının Ukrayna hakimiyyətinin qərarlarına "əhəmiyyətli təsir göstərdiyini" qeyd edib. 

"20 FSB zabiti, o cümlədən beş general bir neçə dəfə Ukraynaya gəlib və SBU zabitləri ilə birlikdə müəyyən cinayət əməllərinin törədilməsinə əsas olan müvafiq məlumat materialları hazırlayıblar", - Aleksey Donskoy bildirib.

Xatırladaq ki, 21 noyabr 2013-cü ildə Ukrayna hökuməti Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanmasının dayandırıldığını elan edib. Bu qərara cavab olaraq Kiyevdə Müstəqillik Meydanında uzunmüddətli mitinq başlayıb və 2014-cü il fevralın 22-dək davam edib. Rəsmi məlumatlara görə, fevralın 18-20-də Kiyevdə baş verən atışma nəticəsində 100-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb. 2021-ci ilin noyabrında Ukrayna Dövlət Təhqiqatlar Bürosu Maydandakı atışmalarla bağlı araşdırmanı başa çatdırıb. Sabiq prezident Viktor Yanukoviçin dövründəki hüquq-mühafizə orqanlarının əməkdaşları günahkar bilinib.

Nizami Bağırov