Siyasət 18:04 04.10.2022

Ukrayna - Rusiya sülh danışıqları iflasa uğradı, yoxsa... (ŞƏRH)

Ukrayna ilə Rusiya arasında savaş kəskinləşməkdə davam edir. Hazırkı vəziyyətdə hərbi üstünlüyü Ukrayna qazanır. Onların səyi nəticəsində son zamanlar çoxsaylı məntəqələr Rusiya işğalından azad edilib. Rusiya isə hələlik müdafiə mövqeyində durub.
 
Bunun nəticəsidir ki, Moskva qismən səfərbərliyə getməyə məcbur olub. Eyni zamanda, işğal etdiyi ərazilərdə "referendum” keçirməklə Donetsk, Luqansk, Zaporejye və Xersonun müəyyən hissəsini "özünə birləşdirib”. Ardınca Kreml bəyan edib ki, Ukrayna bu əraziləri azad etməyə çalışsa, onu öz ərazisinə hücum kimi dəyərləndirərək, nüvə silahına əl ata bilər.
 
NATO rəsmiləri və ABŞ isə Rusiyanın buna görə cavab verəcəyini bildiriblər. Hətta ABŞ Rusiyanın Ukraynada nüvə silahına əl atacağı halda bu ölkənin Qara dənizdəki hərbi donanmasını tamamlə məhv edəcəyilə hədələyib. Ukrayna və Qərb "referendum”un nəticələrini tanımadıqlarını bəyan edib. Ardınca Qərbin Rusiyaya qarşı növbəti sanksiyalarına da start verilib. Bu hədələr fonunda tərəflər arasında əvvəllər cüzi də olsa mümkün olan sülh danışıqları demək olar indi tam dalana dirənib. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqları istisna etməyib, amma eyham vurub ki, bu Putinlə olmayacaq.
 
Kremldə də anlayırlar ki, atdıqları son addımlar fonunda qarşı tərəfin sülh danışıqlarına gəlməsi ümumiyyətlə qeyri-mümkündür. Amma buna baxmayaraq, "referendum” istiqamətində addım atmaqla özləri də danışıqlarda maraqlı olmadıqlarını ortaya qoyurlar. Bir sözlə, hadisələrin gedişi göstərir ki, dünyanın Kiyevlə Moskva arasında sülh danışıqlarına olan cüzi inam belə artıq iflasa uğrayıb. Deməli, tərəflər sona qədər, hər hansı biri taqətdən düşənədək vuruşacaq. 

Yaranmış vəziyyətdə sülh danışıqları yalnız bir halda mümkün ola bilər. İndiki halda, sülh danışıqları tərəflərdən hər hansısa birinin müqavimət gücünün tükənməsi fonunda mümkündür. Nə qədər ki, vuruşan tərəflərdən hər hansısa biri döyüşdə məğlubiyyəti etiraf etməyib, müharibə uzanmaqda davam edəcək. Deməli, Ukrayna məsələsində sülhə gedən yol çox uzaqdadır. Hələlik onun ilk qığılcımları belə görünmür. 

Rüfət Sultan