Dünya 17:42 29.08.2023

Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması aylar çəkəcək - WSJ

Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə sazişlərin hazırlanması uzun aylar çəkəcək, bəzi ikitərəfli razılaşmalar gələn ilə qədər əldə olunmaya bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal” Avropa rəsmilərinə istinadən yazır.

Nəşrin həmsöhbətləri qeyd edirlər ki, hələlik müttəfiqlərin öhdəliklərinin nə dərəcədə təfərrüatlı olması barədə konsensus yoxdur. Qeyd olunur ki, tərəfdaşlar Ukrayna ilə onun gələcək hərbi ehtiyaclarını da müzakirə etməlidirlər. Onlar Qərb liderləri arasında ikitərəfli danışıqları koordinasiya etməli və müttəfiqlərin müdafiə sənayelərinin Ukraynaya vəd edilmiş hərbi yardımı öz ehtiyaclarına göz yummadan tədarükünə zəmanət verməlidirlər. 

Qərb rəsmiləri etiraf edirlər ki, Ukraynaya etibarlı dəstək olmasa, Rusiyanın müharibəni dayandırmağa məcbur olması ehtimalı azdır.

Fransanın yüksək rütbəli rəsmisi bildirib ki, Paris yaxın bir neçə həftə ərzində Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlanacağını gözləyir. ABŞ rəsmiləri yaxın həftələrdə Ukrayna ilə ikinci görüşə ümid etdiklərini bildiriblər.

Danışıqların Avropanın başqa yerlərində hələ başlamadığı bildirilir, lakin Fransa və Almaniya rəsmiləri Ukraynanı necə dəstəkləyə biləcəklərini açıqlayırlar.

Nəşr qeyd edir ki, Qərb ölkələrinin liderlərinin qarşısında duran əsas siyasi sual hazırkı hökumətlərin sonrakı illərdə Ukraynanın hərbi xərclərini onların artıq hakimiyyətdə olmadığı vaxtlarda səmərəli şəkildə bölüşdürə biləcəyi ilə bağlıdır. Bu mövzuda ən böyük qeyri-müəyyənliyin Vaşinqtonda olduğu bildirilir.

Nəşrin yazdığına görə, avropalı müttəfiqlər ABŞ prezidenti Co Bayden administrasiyasının uzunmüddətli vədlərinin onların gözlədiklərindən daha zəif olacağına və ya Rusiyanı cilovlamaq üçün "çox qeyri-müəyyən” olacağına hazırlaşır.

Bayden NATO-nun Vilnüsdə keçirilən sammitində ABŞ-ın "Ukrayna üçün uzunmüddətli ikitərəfli təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparacağını” desə də, Vaşinqton rəsmiləri sazişin necə olacağını hələ müəyyənləşdirmədiklərini bildiriblər.

Bayden administrasiyasının rəsmisinə görə, təkliflərdən biri ABŞ və Ukraynanın Konqresin təsdiqini tələb etməyən anlaşma memorandumu üzərində razılaşmasıdır.

Bildirilir ki, Vaşinqton Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə azaldacaqsa, Avropa çətin ki, maliyyə və ya hərbi baxımdan fərqi aradan qaldıra bilsin.

Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, aparıcı Avropa silah donorları - Böyük Britaniya və Almaniya Ukraynaya hərbi dəstək üçün müvafiq olaraq 7 və 8 milyard dollar ayırıblar, bu da ABŞ yardımının 1/5-dən azdır. 

WSJ yazır ki, Avropa paytaxtlarında Donald Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsi ilə bağlı qorxular ifadə olunub, çünki o, Ukraynaya yardımı kəsməyə cəhd edə bilər.

Bundan əlavə, Avropa rəsmiləri arasında Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinin sonuna qədər Ukraynaya qarşı müharibəni davam etdirəcəyi və Respublikaçıların qələbəsinin Ukraynanın hərbi dəstəyinin sona çatmasına səbəb olacağına dair narahatlıqlar artır.

Nizami Bağırov