Dünya 19:30 27.05.2023

"Ukraynada uğursuzluğa düçar olsaq, Tayvan öləcək" - Amerikalı senator

Əgər ABŞ Rusiyaya qarşı müharibədə Ukraynaya kifayət qədər dəstək verə bilməsə, bu, Çinə Tayvanı ələ keçirə biləcəyinə dair siqnal olacaq. 

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu Kiyevə səfəri zamanı ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Lindsi Qrem deyib.

Prezident Volodimir Zelenski ilə görüşdən sonra senator bildirib ki, ABŞ prezidenti Co Bayden Çinə Vaşinqtonun müttəfiqlərini dəstəkləmək əzmini göstərmək üçün Ukraynaya daha çox silah göndərməlidir. Qremin fikrincə, Tayvanı və bütün dünya nizamını qorumağın ən yaxşı yolu Rusiya prezidenti Vladimir Putini Ukraynada məğlub olmağa məcbur etməkdir.

"Ukraynaya yardımdan imtina edə bilməzsiniz, çünki burada uğursuzluğa düçar olsaq, Tayvan öləcək. Mən nə istəyirəm? Çinlilərin qonşuya təcavüzün göründüyü qədər asan olmadığını görsünlər”, deyə konqresmen bildirib.

Bu kontekstdə Qrem Ukraynanın F-16 qırıcılarına və daha uzun mənzilli silahlara ehtiyacı olduğuna inandığını ifadə edib: "Əhəmiyyətli silahlar var və biz Ukrayna Silahlı Qüvvələrinə vacib olan silahları çatdırmaqda çox yavaşıq... Bayden administrasiyasına mesajım budur: Mən sizin etdiklərinizi yüksək qiymətləndirirəm. Siz daha çox iş görməlisiniz".

Qeyd edək ki, ABŞ 500 milyon dollarlıq silah paketini Tayvana təhvil vermək qərarına gəlib. Bu, ABŞ-ın 2027-ci ilə qədər Tayvanı işğal etməyə hazırlaşan Çinin hərbi modernləşdirilməsinin sürətindən artan narahatlığı fonunda baş verir.

Eyni zamanda, Çin hakimiyyəti Ukraynadakı müharibənin gedişatını diqqətlə öyrənir, Rusiyanın uğursuzluqlarından və nailiyyətlərindən nəticə çıxarır. Bu bilik Çin ordusu üçün Tayvan üzərində hipotetik müharibədə faydalı ola bilər. 

Aydın