Dünya 18:51 25.01.2023

Ukraynadakı müharibə gec-tez Rusiyanın ən böyük şəhərlərinə çatacaq - Podolyak

Ukraynadakı müharibə gec-tez Rusiyanın ən böyük şəhərlərinə çatacaq. 

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
 
"Rusiyada müharibənin daxili eskalasiyası qaçılmazdır. <...> Moskva, Sankt-Peterburq, Yekaterinburq kimi ərköyün, tənbəl, fərqli reallıqda yaşadıqlarını düşünən şəhərlər zərbələrə məruz qalacaq”, - o deyib.

Podolyak "məlumat çatışmazlığını" əsas gətirərək, kimin, niyə və nə üçün belə hücumları təşkil edəcəyini dəqiqləşdirməyib. O vurğulayıb ki, "Ukrayna Rusiyaya zərbə endirmir”, amma "müharibə məntiqi” ona belə bir proqnoz verməyə imkan verir.

Bu arada, Rusiya hakimiyyəti Moskvanı döyüş zonasından yüzlərlə kilometr uzaqda, daha əvvəl Rusiya ərazisinə hücum etmiş Ukrayna pilotsuz uçuş aparatlarının mümkün zərbələrindən müdafiə üçün hazırlaşmağa başlayıb. Paytaxtda hava hücumundan müdafiə (HHM) sistemlərinin yerləşdirilməsini əks etdirən foto və videolar media və teleqram kanallarında yayılıb.

"Pantsir” qurğuları Müdafiə Nazirliyinin Frunzenskaya sahilindəki qərargahının və Teterinski zolağındakı binanın damlarında yerləşdirilib. Losinı Ostrov Milli Parkının yaxınlığında və Timiryazev Akademiyasının eksperimental sahələrində bir neçə sistem yerləşdirilib. Daha sonra "Pantsir” hava hücumundan müdafiə sistemləri Ostafyevo hərbi aerodromunun, "Qazprom-Avia” biznes hava limanının yaxınlığında, həmçinin prezident Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahının yaxınlığında görünüb.

Kreml Moskvanın yaşayış məntəqələrində HHM sistemlərinin kütləvi şəkildə yerləşdirilməsi ilə bağlı heç bir şərh verə bilməyəcəklərini və bütün sualları Müdafiə Nazirliyinə göndərilməli olduğunu bildirib, lakin orada məlumat verməkdən imtina ediblər. 

Vəziyyətlə tanış olan mənbələr "Bloomberg”ə bildiriblər ki, paytaxtın müdafiəsini gücləndirmək qərarı Ukraynanın Saratov və Kaluqa vilayətlərindəki aerodromlara zərbələr endirməsi ilə əlaqədar qəbul edilib. Kaluqa yaxınlığındakı aerodrom oktyabrın əvvəlində, Engels strateji bombardmançı bazası isə üç dəfə: dekabrın 5, 26 və 29-da hücuma məruz qalıb. Hər iki obyekt Moskvadan təxminən 500 km məsafədə yerləşir.

Yanvar ayında Ukrayna 1000 km-dən çox mənzilli hücum pilotsuz uçuş aparatının praktiki olaraq hazır olduğunu elan edib. Nümunə artıq ilk sınaqlardan keçib və Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinə nümayiş etdirildikdən sonra hazır olacaq.

Nizami Bağırov