Dünya 15:38 23.02.2024

Ukraynalı diplomat: ”Kiyev Kişinyova yardım edə bilər”

Ukraynanın Moldovadakı səfiri Mark Şevçenko bildirib ki, Dnestryanıda vəziyyət gərginləşərsə və Kişinyov xahiş edərsə, Ukrayna Moldovaya yardım edəcək.
 
Qaynarinfo "Deschide” portalına istinadən xəbər verir ki, o, bu barədə fevralın 22-də televiziya efirində deyib.

Səfir qeyd edib ki, Ukrayna işğal olunmuş Dnestryanı probleminə ciddi yanaşır, bu, o cümlədən orada Rusiya hərbçilərinin olması və RF xüsusi xidmət orqanlarının orada fəaliyyət göstərə bilməsi ilə əlaqədardır. Eyni zamanda o bildirib ki, hazırda regiondan Ukraynaya birbaşa təhlükə yoxdur. Səfir qeyd edib ki, vəziyyət gərginləşərsə və Kişinyov rəsmi müraciət edərsə, Ukrayna Moldovaya yardım göstərməyə hazır olacaq.

"Ukrayna rəsmiləri dəfələrlə açıq şəkildə bildiriblər ki, Moldova Respublikasının hakimiyyət orqanları tərəfindən dəstək və ya yardım üçün rəsmi müraciət olarsa, Ukrayna bunu mütləq təmin edəcək. Bunun necə və nə qədər tez təmin ediləcəyi daha sonra müzakirə olunacaq və bu, vəziyyətin ciddiliyindən asılı olacaq”, - Şevçenko vurğulayıb.

"Əgər Moldova rəsmiləri hesab etsələr ki, təhlükəsizliyə və ya sabitliyə təhdid var, onda müraciət edə bilərlər və biz Moldovanın hansı yardıma ehtiyacı olduğunu müzakirə edəcəyik və bu yardım şərait imkan verdiyi qədər göstəriləcək”, - diplomat əlavə edib. 

Xatırladaq ki, fevralın 22-də məlum olub ki, Dnestryanı "deputatları” Putinə müraciət hazırlayırlar və potensial olaraq Rusiyaya qoşulmaq üçün müraciət edə bilərlər. Kişinyov qeyd edib ki,  onlar hələlik vəziyyətin gərginləşməsi əlamətlərini görmürlər və əmin olduqlarını bildiriblər ki, Tiraspol "ağılsız addımlar”ın atılmasının özü üçün nəticələrini anlayır.

Nizami Bağırov