Aydın Səlimli
Siyasət 10:57 04.02.2022

Ukraynanın NATO-ya üzv olması realdırmı?

Aydın Səlimli

Son dövrlərdə Ukraynanın ərazi bütövlüyü ilə bağlı ABŞ-Rusiya münasibətlərinin ciddi şəkildə gərginləşməsini müşahidə edirik.

Həmçinin, Ukraynanın NATO-ya üzvlük məsələsi də əsas tələblərdən biri kimi qalır. Ona görə də sual olunur: Görəsən, Ukrayna nə zamansa, NATO-nun üzvü ola biləcəkmi?

Əvvəlcə qeyd edək ki, müharibə təhlükəsi hələ də qalsa da, prosesdə son həftələrdə müəyyən qədər mülayimləşmə müşahidə olunur. Bunun əksinə olaraq, nəzərə çarpacaq və önəmli proseslərdən biri budur ki, hətta hərbi qarşıdurma çağırışlarının nisbətən azaldığı bir fonda NATO-nun Şərqi Avropada güclənməsi tendensiyası nəinki səngiyir, əksinə, getdikcə daha qabarıq və dönməz bir xarakter alır.

Moskva aqressiv siyasətini artırmaqla və qonşu dövlətlərin ərazilərini işğal etməklə əslində dolayı yolla NATO-nun Şərqi Avropada qüvvələrinin daha da çoxalmasına və Şimal Alyansının hərbi infrastrukturunun onun sərhədlərinə doğru yaxınlaşmasına təkan verir.

Bunun yüksək səviyyədə etirafını NATO-nun Baş katibi Yens Stoltenberqin son çıxışlarıında da tapa bilərik. O, bu yaxınlarda demişdi: "NATO müdafiə alyansıdır. 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaqına cavab olaraq NATO alyansın şərq hissəsində, o cümlədən də Estoniya, Latviya, Litva və Polşada dörd çoxmillətli döyüş qrupu ilə hərbi mövcudluğunu bir az da artırdı. Böyük Britaniya, Kanada, Almaniya və ABŞ-ın rəhbərlik etdiyi bu bölmələr çoxmillətli qüvvələrdir və daim döyüşə hazırdırlar. Onların mövcudluğu bir daha belə bir öhdəliyi təsdiq edir ki, bir müttəfiqə edilən hücum bütün Alyansa hücum sayılacaq. 2014-cü ilə qədər Alyansın şərq sərhədlərində NATO qüvvələri yox idi – indi onların olmasını sözün əsl mənasında Kremlin "xidməti" hesab etmək olar”.

Həmçinin, Pentaqonun çərşənbə günü verdiyi məlumata görə, prezident Cozef Bayden Polşa və Almaniyaya əlavə 2000 ABŞ əsgərinin göndərilməsi və Almaniyadan Rumıniyaya isə daha 1000 əsgərin köçürülməsi haqda yeni göstəriş verib.

Eləcə də biz artıq böyük həcmlərdə NATO hərbi tədarük və təchizat vasitələrinin də Ukraynaya gətirildiyini müşahidə edirik. NATO ölkələri Ukraynaya hərbi təchizat baxımından kömək etməkdə davam edirlər.

Digər tərəfdən, Ukrayna da öz hərbi hazırlığını NATO standartlarına yaxınlaşdırmağa çalışır. Bu qəbildən onu demək olar ki, ölkə 2024-cü ildən artıq könüllü hərbi xidmətə, yəni peşəkar orduya keçidi planlaşdırır və həmçinin, Ukrayna ordusunun sayının artırılması üzərində ciddi şəkildə işləyir ki, bunların hamısını çox təqdirəlayiq detallar hesab etmək olar. 

Amma Ukrayna peşəkar ordu saxlaya bilərmi? Onun bunun üçün zəruri iqtisadi potensialı varmı?

Görünən odur ki, Ukrayna NATO ilə əməkdaşlığı gələcəkdə də daha irəli bir səviyyədə artırmaqda maraqlıdır. Müharibə tendensiyası azalmaqda davam etsə və yaxud da o, tamamilə çəkilsə belə, bunu Ukraynanın NATO-ya üzvlük yolunda atılan ən əsas addımlarından biri kimi saya bilərikmi?..

Gəlin hələ tələsik nəticə çıxarmayaq ki, bu addımlarla Ukraynanın ərazi bütövlüyü məsələsi də qısa müddətdə tam həllini tapa bilər.

Əsas məsələ ondan ibarətdir ki, Rusiyanın mümkün irəliləmə ehtimalında Ukrayna digər ərazilərinin anında özünümüdafiə potensialını artırmaq məqsədi üçün NATO tərəfindən daha çox dəstək almağa və bunun üçün NATO-ilə əməkdaşlığını daha da gücləndirməyə çalışa bilər.

İstər məğlubiyyət və yaxud da istərsə də qələbə halında hər iki tərəf mümkün senariləri digər münaqişəli bölgələrdə davam etdirməyə cəhd edəcək. Amma müharibə Rusiyaya qarşı təkcə hərbi üsullarla aparılmayacaq, yox, Moskvaya qarşı ciddi iqtisadi sanksiyalar da tətbiq oluna bilər. 

Rusiya münaqişənin onun xeyrinə olmadığının fərqindədir, ancaq təzyiqlərə baxmayaraq, Sovet İttifaqının bərpası planı Kremlin əsas siyasi prioritetlərindən biridir.

Bəli, istənilən senaridə Rusiya bu münaqişədə uduzan tərəfdir, ancaq unutmaq olmaz ki, Rusiyanın özünün də alternativ planları var.

Bir daha vurğulayırıq ki, Sovet İttifaqının bərpası, bütün mümkün qalibiyyət və ya məğlubiyyət senarilərində Rusiyanın öz siyasi təsir dairəsini qorumaq üçün önəmli planlarından biri olaraq qalır.

Əlbəttə, hadisələrin sonunda Rusiya, ya hansısa bir razılaşmaya getməli olacaq, ya da biz onun tədricən çöküşünün şahidi olacağıq.

Əsas odur ki, indiki proseslər NATO-da prezident Donald Tramp dövründə yaranmış qarışıqlığı, amorfluğu aradan qalıdırır, Şimal Alyansını təzyiqlərin və ya təhdidlərin fonunda daha da konsolidasiya edir. Bəli, lap çox məşhur bir məsəldə deyildiyi kimi: xoşbəxtlik yox idi, bədbəxtlik kömək etdi…