Dünya 18:30 23.06.2022

Ukraynanın qələbəsi və ya Putinin məğlubiyyəti Conson üçün nə deməkdir?

Rusiyanın Ukrayna müharibəsindəki sürəti yaxın bir neçə ay ərzində ordusunun öz resurslarını tükəndirdiyi üçün yavaşlayacaq.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Boris Conson Britaniya hərbi kəşfiyyatına istinadla deyib.

Almaniyanın "Sueddeutsche Zeitung” qəzetinin dərc etdiyi yazıda Conson bildirib ki, prezident Vladimir Putinin qüvvələri Donbasın şərqində irəliləyir, dağıntılar yaradır, lakin ağır əsgər və silah itkiləri bahasına.

"Lakin bizim hərbi kəşfiyyat xidmətimiz hesab edir ki, yaxın bir neçə ay ərzində Rusiya öz resurslarını tükəndirdiyi üçün irəliyə doğru hərəkət etməyəcək bir nöqtəyə gələ bilər. O zaman biz ukraynalılara dinamikanı dəyişməyə kömək etməliyik. Mən bunu "Yeddilik Qrupu" sammitində müzakirə edəcəyəm”, - Conson müsahibəsində deyib.

Jurnalistin "Ukraynanın qələbəsi və ya Putinin məğlubiyyəti sizin üçün nə deməkdir” sualına Conson belə cavab verib: "Heç olmasa fevralın 24-dən əvvəlki status-kvonu bərpa etmək və Rusiya qoşunlarının işğal etdikləri ərazilərdən geri çəkilməsi”.

Nurlan Hüseynov