Dünya 23:55 11.08.2022

Urmiyada polis bazasına silahlı hücum oldu – Kürd qruplaşmalar susur

Naməlum silahlı qrup cümə axşamı (11 avqust) səhər saatlarında Urmiya şəhərinin "Dezzaj Merqur" qəsəbəsində polis qüvvələrinin bazalarından birinə hücum edib.

Qaynarinfo bu barədə "Hengaw" saytına istinadən xəbər verir.

İnsan Haqları Təşkilatı "Hengaw"a daxil olan məlumata görə, silahlı hücum bu gün səhər saat 3-də həyata keçirilib və bu bazada yerləşən əsgərlərdən ən azı biri ağır yaralanıb və tibb mərkəzlərinə aparılıb.

Bu xəbəri yazana qədər heç bir kürd qruplaşma bu hücuma görə məsuliyyəti üzərinə götürməyib və hökumət mediası da bu xəbəri işıqlandırmayıb.

Həmçinin dünən İran İnqilabı Keşikçiləri Korpusunun Kürdüstanın  Saqqız şəhərinin Sərşiv bölgəsindəki bazasına hücum edilib və bu hücuma görə məsuliyyəti "Zaqros Qartalları" qrupu (Pejak - PKK terror qruplaşmasının qolu) öz üzərinə götürüb.

Qeyd edilir ki, bir neçə ildir Qərbi Azərbaycan vilayəti və onun ətraf şəhərləri "Kumələ", "Hizbi Demokrat" və "Pejak" kimi kürd terror qruplaşmaları üçün yuva olub və adı çəkilən qrupların terrorla bağlı faliyyətləri bölgədə yerli dinc sakinlərlə bərabər, hərbi qulluqçuların həlak olması və yaralanmasına səbəb olub.

Aydın