Ölkə 19:14 24.11.2023

"Uşaq pulunun verilməsi real sektorun inkişafına səbəb ola bilər" - Vahid Məhərrəmov

"Bu gün uşaq pulu verilməməsi üçün Milli Məclisdəki deputatların hərəsi 5-6 bəhanə gətirə bilər. Qarabağda bərpa işləri aparılır və s. deyə bilərlər. Bəs, 5 il bundan əvvəl nə edirdik?”
 
Bunu Qaynarinfo-ya açıqlamsında iqtisadçı ekspert Vahid Məhərrəmov millət vəkili Məlahət İbrahimqızının "Vətən Müharibəsi qazilərinin reabilitasiyası, onların mənzil, məişət, sosial problemlərin həlli istiqamətində müvafiq addımlar atıldığından bu səbəbdən uşaq pulunun bərpası məsələsi gündəmdə deyil” fikirinə münasibət bildirərkən deyib. 

Ekspert Azərbaycanın belə resurs imkanlarının geniş olduğunu qeyd edib:
 


"Niyə deputatlar çıxış edib demirlər ki, onların aldıqları əmək haqqı çox yüksəkdir, bunun bir hissəsini uşaqların xeyrinə geri qaytarırıq? Nəticədə həmin vəsaitin hesabına uşaq pulu verilsin. Deputalar uşaq pulunun verilməməsi ilə bağlı cürbəcür bəhanələr gətirir. Qonşu Ermənistan, Gürcüstan, Rusiya, Belarusda və s. ölkələrdə uşaq pulunun verilməməsi üçün bəhanə axtarmırlar”. 

Vahid Məhərrəmov hesab edir ki, uşaq pulunun verilməsi real sektorun inkişafına gətirib çıxarda bilər:

"Hökumət çalışmalıdır ki, Azərbaycan iqtisadiyyatı böyüsün, gəlirləri artsın. Ona görə də yalnız neftdən deyil, digər sahələrdən də gəlirlər  artmalıdır. Dövriyyədə maliyyə vəsaiti artar. Real sektor deyəndə kənd təsərrüfatı, sənaye və s. nəzərdə tutulur. Bəs bu vəsait hara gedəcək? Uşaqların normal qidalanmasına, təhsil almasına, paltarlarına xərclənəcək, bir sözlə, istehlak bazarı genişlənəcək”.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Vətən Müharibəsi qazilərinin reabilitasiyası, onların mənzil, məişət, sosial problemlərin həlli istiqamətində müvafiq addımlar atıldığından bu səbəbdən uşaq pulunun bərpası məsələsi gündəmdə deyil:

"Ancaq mən inanıram ki, gələcəkdə uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin bərpa edilməsi məsələsi gündəmə gətiriləcək və dövlət tərəfindən bu istiqamətində müvafiq addımlar atılacaq”. 

Bahar Rüstəmli