Siyasət 13:34 10.01.2023

Vardanyan yalandan hay-küy salır ki... Xankəndində ərzaq qıtlığı yaranıb?

"Ruben Vardanyan bu kimi saxta addımlarla dünyanın diqqətini uydurduqları "humanitar fəlakət” iddialarına yönəltmək istəyir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev qondarma rejimin "dövlət naziri” Ruben Vardanyanın Xankəndində ərzağın talonla satılacağını bəyan etməsinə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Vardanyan ərazidə guya ərzaq qıtlığı fonunda humanitar fəlakətin olduğunu dünyaya car çəkmək istəyir:

"Vardanyan görür ki, başladıqları bu təxribatçı hay-küy Fransa istisna olmaqla, digər Avropa ölkələrində ciddi effekt vermir. Belə olan halda, öz maliyyəsindən də istifadə etməklə bu tip yalanlar uydurub, süni ajiotaj yaratmağa çalışır. Real olaraq Azərbaycan tərəfi Laçın və Xankəndiyə gedən yolu blokadaya almayıb. Bunu edən Rusiya sülhməramlılarıdır. Azərbaycan tərəfi yalnız humanitar xarakterli ekoloji aksiya keçirir. Vardanyan isə bu amildən öz çirkin məqsədləri üçün istifadə edərək, ərazidə guya ərzaq qıtlığı fonunda humanitar fəlakətin olduğunu dünyaya car çəkmək istəyir”. 

Həmsöhbətimiz Xankəndində keçirilən yeni il tədbirlərini, buradakı restoranların həmin günü səhər saatlarına qədər işləməsini əks etdirən faktlara söykənərək bildirir ki, Qarabağda heç də uydurulduğu kimi qida, ərzaq çatışmamazlığı yoxdur:


 
"Bu olsaydı belə, Azərbaycan dəfələrlə bildirdiyi kimi, erməni əsilli vətəndaşlarına istənilən dəstəyi verməyə hazırdır. Azərbaycan erməni əsilli əhalisinin taleyinə biganə qalmır. Vardanyan Xankəndində iki dəfə aksiya keçirib. O aksiyaya gələn hər vətəndaşa şəxsi hesabından 40-50 dollara yaxın pul verib. Vardanyan bunu bacarırsa, ərazidə humanitar fəlakət baş versəydi, deməli öz şəxsi nüfuzundan istifadə edərək nəsə edə bilərdi. Bunu etmir, amma yalandan hay-küy qaldırır. Bu da onu göstərir ki, əslində heç bir humanitar fəlakət baş verməyib. O, sadəcə süni şəkildə ərzaq qıtlığı yalanını ortaya atıb”. 

Politoloq qeyd edib ki, Vardanyanın bu uydurması sonda onun özünə ziyan vuracaq: 

"Atdığı bu addım özünə geri qayıdacaq. Məsələ ondadır ki, Vardanyan bu addımı ilə faktiki olaraq erməni əhalinin Qarabağdan qaçışını sürətləndirəcək. Yəni, talon sisteminin tətbiqi Xankəndindəki erməniləri əlacsız vəziyyətdə qoyacaq və onlar çıxış yolunu ərazini tərk etməkdə görəcəklər”.

Qeyd edək ki, qondarma qurumun "dövlət naziri” Ruben Vardanyan özünün "Facebook" səhifəsində yaydığı paylaşımda bu gündən Xankəndində ərzaq məhsullarının talonla satılacağını bildirib. O qeyd edib ki, son 1 ayda Xankəndi və digər ermənilərin yaşadığı ərazilərdə guya ərzaq qıtlığı yaranıb. Ona görə də yerli qurumlar sərt tədbirlər həyata keçirmək zorunda qalıb. 

Rüfət Sultan