Ölkə 12:28 01.02.2023

Vasif Talıbovun qudası həbs olunub? - Polkovnikdən açıqlama

Bir müddətdir mediada Naxçıvanın keçmiş daxili işlər naziri general-leytenant Fazil Ələkbərovun həbs olunması ilə bağlı xəbərlər yayılıb. Onun əvvəlcə Naxçıvanda baş verən qanunsuzluqlar səbəbindən istintaqa cəlb olunduğu, daha sonra isə həbs edildiyi qeyd edilib.

Manset.az dəfələrlə Fazil Ələkbərova zəng etsə də, o telefona cavab verməyib. Daha sonra sayt onun bacısı oğlu və ən yaxın adamı sayılan Naxçıvan Muxtar Respublikası, Şahbuz Rayon Polis Şöbəsinin sabiq rəisi polis polkovniki Elnur İsmayılovla əlaqə saxlayıb. O, açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib. 

"Elə bir məlumat yoxdur. İstintaqa dəvət olunmuşdu, həbs olunmayıb. Mən bu məsələlərə qarışmaq istəmirəm. Onu deyə bilərəm ki, Fazil müəllim evində oturub."

Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudasıdır. Fazil Ələkbərov eyni zamanda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla da qudadır.