Dünya 18:53 16.11.2022

Vaşinqton və Ankara anlaşdı - “F16 düyünü” açılmaq üzrədir

ABŞ hökuməti Türkiyəyə F-16 təyyarəsi satmaq məsələsini müsbət qarşılayır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları barədə mətbuat konfransında çıxışı zamanı bildirib. 

Qeyd edək ki, uzun müddət idi ki, F-16-la bağlı məsələ həll olunmamış qalırdı. ABŞ-ın qanunverici orqanı bu məsələdə əsasən Türkiyə əleyhinə çıxış edirdi. Amma Ağ Ev adminstrasiyası bir qədər fərqli mövqe sərgiləyirdi.

ABŞ hökumətinin artıq məsələyə müsbət yanaşması onu deməyə əsas verir ki, Ankara ilə Vaşinqton arasında mövcud olan narazılıqların mühüm hissəsi öz həllini tapmaq üzrədir. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Əlimusa İbrahimov bu qənaətdədir ki, yaxın bir ay ərzində Türkiyə ABŞ-dan ilk F-16 təyyarələrini alacaq:



"ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı ilə keçirdiyi bütün görüşlərdə F-16 -ları Ankaraya verməyin tərəfdarı olduğunu bəyan edib. Bayden G20-in görüşündə bunu bir daha təsdiqləyib. Məsələ ondadır ki, F-16-la bağlı məsələ tək Bayden adminstrasiyasının qərarından asılı deyil. Nümayəndələr Palatası və Senatın da bu zaman razılığı alınmalıdır. Türkiyənin ABŞ-la əsas problemi də məhz bu ölkənin qanunverici orqanı ilə bağlı olan məsələdir. Yunan və erməni lobbisi Türkiyəyə bu təyyarələrin satılmasına qarşı çıxış edir. G20-in tədbirində isə Bayden bu məsələnin artıq həll olunduğunu Türkiyə Prezidentinə çatdırdı. Bu mənada həmin məsələnin artıq həll olunduğunu düşünmək olar. Baydenin bu məsələdə belə ümidlə danışması onu deməyə əsas verir ki, Türkiyə yaxın bir ay ərzində F-16-la təmin olunacaq”. 
 
Həmsöhbətimiz düşünür ki, F-16-lar məsələsinin həlli ABŞ-la Türkiyə arasında ciddi yaxınlaşmaya rəvac verəcək:

"Düzdür, bu xəbər ABŞ-Türkiyə münasibətlərindəki mövcud gərginliyi heç də tam aradan qaldırmayacaq. Gərginlik zaman-zaman qalxıb, sonda da iki ölkə liderinin səylərilə aşağı salınıb. Bütün hallarda F-16-la bağlı məsələnin müsbət həlli Vaşinqtonla Ankara arasında ciddi yaxınlaşmaya gətirib çıxaracaq”.
 
Rüfət Sultan