Ekonomiks 13:27 22.10.2022

Vəkildən “aktyor qalmaqalı”na münasibət: "Bu insan haqlarının kobud pozulmasıdır"

"Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bağlana biləcəyi hallar konkertləşməlidir". 

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Gənc Tamaşaçılar Teatrının yaşlı aktyorları ilə rəhbərlik arasında bağlanılan altı aylıq əmək müqaviləsini şərh edərkən deyib. Əkrəm Həsənov bildirib ki, bir qayda olaraq işçi ilə müddətsiz əmək müqaviləsi bağlanmalıdır:

"Amma eyni zamanda Əmək Məcəlləsi müddətli əmək müqaviləsini də istisna hal kimi guya nəzərdə tutur. Əmək Məcəlləsində hansı hallarda əmək müqaviləsinin müddətli ola biləcəyinə dair bir neçə əsas sadalanır. Bunlardan biri də tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin bağlanmasıdır. Bu baxımdan, nəinki mədəniyyət sahəsində, bütün sahələrdə işə götürən tərəflər bundan istifadə edir, hamı əmək müqaviləsini müddətli imzalayır".
 
Əkrəm Həsənov son zamanlar bu prosesin gücləndiyini qeyd edib:



"Adını da qoyurlar ki, işçi ilə qarşılıqlı razılaşma əsasında bağlanılan müqavilə. İşçi işə götürəndən zəif tərəfdi. Əgər işə götürən işçiyə deyirsə ki, gəl əmək müqaviləsini müddətli bağlayaq, işə götürən ona etiraz edə bilmir. Əks halda işə götürən deyəcək ki, heç müqavilə bağlamıram. Bu baxımdan da əmək müqaviləsi nəinki boşluq, insan haqlarının kobud pozulmasıdır".

Vəkil deyir ki, hazırkı məcəlləyə görə işə götürən ildə nəinki iki dəfə, lap 12 dəfə də müqavilə bağlaya bilər:

"Bizim Əmək Məcəlləsi buna heç bir qadağa qoymayıb. Əmək Məcəlləsində müddətli dedikdə hansı müddət başa düşülür? Bəlkə bir aydır? Hətta bir günlük də bağlanıla bilər. Müddətsiz əmək müqaviləsində heç bir səbəb olmadan işçini işdən çıxartmaq olmaz”. 

Qeyd edək ki, Xalq artisti Yasin Qarayev hazırda Gənc Tamaşaçılar Teatrında yaşlı aktyorlarla altı aylıq əmək müqaviləsinin bağlandığını deyib. Aktyor bildirib ki, Əmək Məcəlləsində olan müddətli müqavilələr teatr işçilərini bezdirir və əsəblərini pozur. 

Bahar Rüstəmli