Ölkə 12:03 16.03.2023

Vətən müharibəsi şəhidinin büstü hazırlandı (FOTOLAR)

Heykəltəraş Elxan Zeynalov Aprel döyüşlərinin iştirakçısı, Vətən müharibəsi şəhidi Kamil Şirinovun büstünü hazırlayıb.

Bu barədə Qaynarinfo-ya heykəltəraş özü məlumat verib.

"Mənə görə hər hansı bir şəxsiyyətin abidəsini hazırlayarkən heykəltəraşın öhdəsinə düşən təkcə onun üz quruluşunu, portretini oxşatmaq deyil, həm də obrazı tapmalıdır. Hər bir sənətin özünə məxsus qayda-qanunları olduğu kimi heykəltəraşlığın da öz qanunları var. Məsələn, baş bədəndə yeddi dəfə yerləşir. Yeni başa görə çiyin və sinə ölçüləri normal götürülməlidir. Düzünü desəm, mən bu qanunu hazırladığım bir çox qəhrəman obrazında pozmuşam. Bu obrazlarda çiyin və sinə hissəsini bir az böyük göstərmiş, portretlərində müəyyən ifadə verməyə çalışmışam ki, daha da əzəmətli və zəhmli olsun. Bu mənim öz şəxsi yanaşmadır. Necə ki, xalq dastanları mübaliğə olmaqla gələcək nəsillərə ötürülmüşsə, buda heykəltəraşlıqda mübaliğə etməkdir. Çünki igidlərimiz hər biri ayrıca dastan yazıb", deyə Elxan Zeynalov bildirib.

Qeyd edək ki, Kamil Əliş oğlu Şirinov 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

Kamil Şirinov 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb və fərqlənib.

Azərbaycan Ordusunun kapitanı olan Kamil Şirinov 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da Füzuli döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov "Qarabağ" ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidentin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Aydın