İdman 20:45 13.02.2024

Veteran futbolçu: “O yaşda deyiləm ki, millidə oynayam”

Vaxtilə Premyer Liqada çıxış etmiş və karyeralarını bitirmiş təcrübəli futbolçuların minifutbola axını davam edir. Belə futbolçulardan biri də Ramazan Abbasovdur. "Rəvan”, "İnter”, "Xəzər Lənkəran”, "Neftçi” kimi klublarda oynamış Abbasov bir neçə gün öncə minifutbol çempionatında iştirak edən "Turan”a transfer olundu.

Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında həm transferi, minifutbola gediş, həm də ölkə çempionatı ilə bağlı fikirlərini bölüşüb.

- Bir neçə gün öncə "Turan”a transfer olundun. Minifutbolla bağlı təəssüratların necədir? 

- Uşaqlıqdan bəri tanıdığım Zeynal Hüseynovun dəvət etmişdi. İlk dövrədə zədə üzündən alınmasa da, ikinci dövrənin başlamasına bir həftə qalmış "Turan”a qoşuldum. Minifutbol bir qədər çətindir, vərdiş etmək lazımdır. Şükür allaha, 41 yaşımda oynadım, hətta komandanın qələbə qolunu da vurdum (gülür).

- Minifutbola keçmək qərarını necə verdin? Məşqlər edirdin?

- "Səbail”in U-11 komandasında baş məşqçiyəm. Arada uşaqlara qoşuluram, ayrılıqda da məşq edirəm. Minifutbola gəldim ki, tonusu saxlayım.

- Minifutbol çempionatı ilə bağlı fikirlərin necədir?

- Son illərdə fikrimcə, çox inkişaf var. Millimizin də göstərdiyi nəticəyə baxdıqda bu qənaətə gəlmək mümkündür. Minifutbol Federasiyası öz işlərinə ciddi yanaşırlar. "Birbaşa”, "Zirə” Avropada oynamış komandalardır. Bu klubların futbolçularının əksəriyyəti milli üzvləridir. Digərləri də pis deyil, hamısı bir-biri ilə rəqabətdədir. "Zirə” ilə "Birbaşa”dan başqa digərləri bərabər səviyyədədir. Görünür ki, hamı bir-biri ilə mübarizə aparır. Zəif komanda dediyimiz, bir də görürsən ki, uduzduğu oyunda qələbə qazanır. Minifutbol belədir, rəqibi bir balaca dəyərləndirmədinsə, sənə qollar vururlar. Sonra ayılanda isə gec olur. 

- Minifutbolda hədəflərin nədir, çox qol vurmaq, yoxsa?..

- Çempionat davam edir. İkinci dövrə yenicə başlayıb. Qələbə ilə start vermişik. Əlimizdən gələni edəcəyik ki, komanda yuxarılara qalxsın. Kimin qol vurması fərq etməz. Futboldu, iki-üç dəqiqədən bir oynayırsan, əvəzetmələr olur. Əvvəldən sona qədər eyni tempdə oynamaq, dözmək qeyri-mümkündür. Dünya praktikasında da belədir. Oynaya bilərsən, amma iki dəqiqədən sonra gəzməyə başlayacaqsan.

- Minifutbol çempionatında vaxtilə peşəkar şəkildə Azərbaycan Premyer LIiqasında oynamış futbolçular var və əksəriyyəti millidə oynamağı hədəfləyir. Sən də millinin heyətinə düşməyi hədəfləyirsən?

- Xeyr, sadəcə, dəvət etdilər, mən də təklifi dəyərləndirdim. O yaşda deyiləm ki, millidə oynayam. Bu yaşdan sonra orada oynayacağım, o qədər düşündürücü deyil. Nisbətən gənc olsaydım, bu haqda düşünə bilərdim. Qoy gənclər oynasın, onlara şans yaratmaq lazımdır. 

- Minifutbol millimizin oyunlarını izləmisən?

- Bəli, dünya çempionatındakı çıxışlarını izləmişəm. Baxıram, heyətdə yaşlı nəslin nümayəndələri də var. Məncə, gənclərə şans yaradılsa, daha yaxşı olar. Əlbəttə, millidə oynamaq hər kəs üçün fəxrdir. Bacarsam, dəvət alsam, niyə də oynamayım? 4-5 il əvvəl bu haqda düşünsəm, istədiyim formaya düşə bilərdim. Karyeramı bitirdikdən sonra demək olar, altı il futboldan uzaq qaldım. Təklif gələndən sonra fiziki durumuma diqqət yetirməyə çalışdım. Bəlkə də bunun nəticəsidir ki, ikinci liqanın ilk dövrəsində 8-9 qol vura bildim. Minifutbol bu baxımdan yaxşıdır ki, formada qalacam.

- Həm "Səbail”də çalışmaq, həm də çempionatda oynamaq işinə çətinlik yaratmayacaq?

- Xeyr, çətinlik yoxdur. Məşq və oyun saatları tam başqadır. Minifutbolda tanıdığım çox məşqçilər var. İkinci Liqanın futbolçularının 90 faizi minifutboldadır. Həm də İkinci Liqada iki ayyarımdan çox fasilə oldu. Bu, böyük fasilədir. Demək olar, həmin vaxt uşaqların əksəriyyəti formada qalmaq üçün minifutbol çempionatına qoşuldu. Bu çempionatın təşkili yaxşı vaxta düşdü.

- Veteran futbolçu kimi, Azərbaycan Premyer Liqasının bugünkü durumu haqda düşüncələrin necədir?

- Hazırda "Qarabağ”la rəqabət aparacaq komandamız yoxdur. Heç "Qarabağ”a 70 faiz rəqabət göstərə biləcək rəqib yoxdur. Bütün klublarımızdan birbaş üstündür. "Qarabağ” istədiyi oyunu oynasa, heç bir komanda onları məğlub etmək gücündə deyil. "Qarabağ”ı kənara qoysaq, yuxarı pillələrdəki digər üç-dörd komanda bir-biri ilə rəqabət apara bilər. 

- Bunun səbəbini nə ilə izah etmək olar? 

- Baxıram "Neftçi”yə, hər fasilədə 5-6 futbolçunu göndərib eyni sayda transfer edilər. Belə sistemlə nəticə əldə etmək mümkün deyil. "Qarabağ” son beş ildə neçə transfer edib? Uzağı, 10-15 nəfər. Amma "Neftçi” hər dəfə 10-nu gətirib, 15-ni göndərir. "Qarabağ” lazım olan oyunçuları transfer edir. Bəzi klublarımıza lazım oldu-olmadı legioner gətirirlər. Bir legioner ki, 10 tur ehtiyatda oturur, meydana da çıxanda cəmi 5-10 dəqiqə oynayır, onu niyə almısan? O pulu legionerə niyə verirsən? Ondansa, yerli, gənc futbolçuları ehtiyat oyunçular skamyasında oturt, arada meydana burax oynasınlar. Onlar da görsün ki, Yüksək Dəstə nədir. İndi elə uşaqlar var ki, məsələn U-19-da yaxşı oynayırlar, amma Premyer Liqada əsas heyətə buraxılmırlar. Tərifləmək olmasın, bizim dövrümüzdə 21 yaşlı futbolçuların 90 faizi Premyer Liqada oynayırdı. Məsələn, biz Vaqif Sadıqovun rəhbərliyi altında U-21-də oynayanda İngiltərə millisi ilə heç-heçə etmişdik. Bu gün tək-tük oyunçular var ki, Premyer Liqada oynayır. Əksəriyyəti aşağı liqalardadır. İndi İngiltərə yığmasının gənc oyunçuları "Mançester Yunayted”də, "Mançester Siti”də, "Liverpul”da oynayır. Sənin onları udmaq şansın belə yoxdu.

- Hazırda Azərbaycan Premyer Liqasında legioner limitinin 7+4-dən 8+3-ə dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Buna münasibətin necədir?

- Belə çıxır ki, yerli oyunçular haqda düşünmək istəmirlər. Premyer Liqa komandalarında yerli futbolçu qıtlığı var, milliyə alternativ variant yoxdur. Sizə bir söz deyim, ortada olan klublarımız bu qədər legionerlə, gedib avrokuboklarda birinci mərhələdə uduzurlarsa, daha onlarla çempionatda oynamağın nə mənası var. Azərbaycan futboluna nə xeyir verdin ki? Bu qədər legionerlə birinci mərhələni keçə bilmirsənsə, onları neynirsən? Elə yerlilərlə də gedib belə nəticə göstərə bilərsən. Pulu yönəlt uşaq futboluna, 5-10 il gözlə, heç olmasa, 100 futbolçu yetişəcək. Hansısa dılğır komandaya məğlub olub birinci mərhələdən qayıdacaqsansa, o legionerləri Azərbaycan çempionatında oynatmağın nə mənası var? Ondansa perspektivli yerlilərlə oynayaram. Legioner üçün fərqi yoxdur, pulunu alıb gedəcək.

- Millətlər Liqasında yığmamızın rəqibi İsveç, Slovakiya və Estoniya olacaq. Bu qrupda nəyə ümid etmək olar?

- Baxdım, elə də fantastik komandalar deyil. Almaniyaya, Portuqaliyaya baxanda oynaya biləcəyimiz rəqiblərdir. Hətta bəzilərini məğlub da etmişik. Bəzi mütəxəssislər deyir ki, çox çətin qrupa düşmüşük. Amma mən belə düşünmürəm. Normaldan bir az çətin ola bilər. Amma "çox çətin” demək düzgün deyil. Normal qrupdur, mübarizə apara bilərik. Nəticə əldə etmək mümkündür.

- "Qarabağ”ın "Braqa” ilə matçlarda şansları nə qədərdir?

- Portuqaliya klubudur. Orada ilk dörd, beş klub top-komanda sayılır. "Sportinq”, "Benfika”, "Portu”dan geri qalmırlar. "Qarabağ”ın qələbə şansı var. Amma onları ağır və çətin oyun gözləyir.

Səbuhi Həsənov