Dünya 23:00 22.02.2024

Viaqra satan din xadimi həbs olundu

İspaniyanın qərbindəki Ekstremadura bölgəsindəki Don Benito qəsəbəsində qanunsuz olaraq Viaqra və müxtəlif güclü afrodizyak maddələr satmaqda ittiham olunan keşiş saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, adı açıqlanmayan din xadimi iddialar çərçivəsində bir kişi ilə birlikdə məhkəməyə aparılıb. Məsələ ilə bağlı yerli mətbuata açıqlama verən  keşişin vəkili müvəkkilinə qarşı irəli sürülən ittihamların əsassız olduğunu müdafiə edib.

"El Pais”də yer alan məlumata görə, saxlanılan ikinci şəxs keşişin sevgilisi olub. Cütlüyün birlikdə yaşadıqları evdən müştərilərə qanunsuz maddələr satdıqları da iddia edilir.  Sözügedən əmlak bazar ertəsi mülki qvardiyanın keçirdiyi reyd zamanı aşkarlanıb və polis nəzarətinə götürülüb.

Viaqranı İspaniyadakı apteklərdən almaq mümkün olsa da, saxlanılan şəxslərin satdığı digər maddələrin mahiyyəti barədə hələlik heç bir məlumat verilməyib.  "Plasencia” Yeparxiyasından verilən açıqlamada, hadisələrin aydınlaşdırılmasını və istintaqın irəliləyişini gözlədikləri ifadə edildi. 

Kilsə həmçinin yuxarıda hadisələrin səbəb olduğu ağrı, iztirab və qalmaqaldan dərin kədərləndiyini bildirib.

Səbuhi Həsənov