Dünya 17:45 29.11.2023

“Volkswagen” çökür? - Şirkətin rəhbəri brendi rəqabətədavamsız adlandırdı

"Volkswagen”in baş direktoru Tomas Şefer bildirib ki, şirkət artıq rəqabətqabiliyyətli deyil və xərcləri 10,9 milyard avro azaltmalı olacaq.

Qaynarinfo xəbər verir ki, "Motor 1” nəşrinin məlumatına görə şirkətin baş direktorunun müraciətinin bu və digər təfərrüatları "Volkswagen”in daxili rabitə kanalları vasitəsilə açıqlanıb.

Bir vaxtlar Avropanın aparıcı brendi olan "Volkswagen”in çətin dövrləri "Toyota”nın populyarlığı, "Stellantis” brendinin meydana çıxması və "Renault” model çeşidinin yenilənməsi fonunda başlayıb. 

Koronavirus pandemiyası və Ukraynadakı müharibə də "Volkswagen”in tədarük zəncirini pozaraq şirkətə böyük çətinliklər yaradıb. Bu çətinliklərdən qurtulmaq ehtiyacı "Volkswagen” üçün əhəmiyyətli problemlər yaradır.

Bu ilin iyun ayında şirkət xərcləri 10 milyard avro (11 milyard dollar) azaltmağı planlaşdırdığını açıqlayıb. Baş direktor Tomas Şefer bildirib ki, mövcud strukturlar, proseslər və yüksək xərclər "Volkswagen” markasını rəqabətsiz edir.

Xərclərin azaldılması proqramının bir hissəsinə qismən və erkən pensiya daxildir və qənaət edilən məbləğ təkmilləşdirmələrə, xüsusilə, SSP platformalarının genişləndirilməsinə və "Golf” kimi doqquzuncu nəsil elektrik modellərin və "ID.2” kimi ucuz qiymətli kiçik elektrik avtomobillərinin inkişafına sərf olunacaq.

Xərclərin azaldılması planının bu ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.

Nizami Bağırov