Siyasət 16:15 29.06.2022

Xəzər dənizi maraqların toqquşduğu məkandır - Politoloq

Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı dövlət başçılarının VI zirvə toplantısına start verilib. Qeyd edək ki, 2018-ci ilin avqustun 12-də 5 sahilyanı ölkə tərəfindən Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Nəticədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya Xəzər dənizinin bölünməsi prinsipləri barədə razılığa gəliblər. Bu arada VI zirvə toplantısı ərəfəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, beş Xəzəryanı ölkə arasında hərbi əməkdaşlığa start verilib. Lavrov bildirib ki, beş Xəzəryanı dövlətin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan) liderləri Xəzərdə etimad quruculuğu tədbirlərinin və hərbi əməkdaşlığın gücləndirilməsi üzrə saziş üzərində işi sürətləndirmək barədə razılığa gəliblər:
 
"Biz bu sahədə əməkdaşlığın vacibliyini vurğuladıq. Xəzəryanı dövlətlərin hərbi fəaliyyəti ilə bağlı etimad tədbirlərinin işlənib hazırlanması üzrə saziş üzərində işin sürətləndirilməsi təklif olunub”.

Məsələ barədə Qaynarinfo-ya açıqlama verən politoloq Tural Rzayev düşünür ki, Aşqabad sammitində ölkələr arasında müəyyən fikir ayrılıqları üzə çıxacaq:
 
"İstər Türkiyənin Xəzərdə aktivliyi, istər Bakı, Aşqabad və Astananın Rusiyaya alternativ enerji mənbəyi olması məsələsində, hətta İranla Rusiya arasında da müəyyən fikir ayrılıqları ola bilər. Belə olan halda sammitdə üçtirəlik yaranacaq. Bir tərəfdən ayrı-ayrılıqda Rusiya və İran öz mövqeyini, digər tərəfdən də yerdə qalan 3 ölkə ortaq mövqe sərgiləyə bilər”. 

Həmsöhbətimiz bildirir ki, son dövrlər Qərblə Şərq arasında mübarizənin əsas mərkəzi Xəzər dənizilə Yaxın Şərq bölgəsidir:
 
"Ukrayna ətrafında Qərblə Rusiya arasında çəkişmə davam edir. G7 ölkələrinin toplantısında bəlli oldu ki, Kanadadan başqa digərləri özlərini enerji resursları ilə tam təmin edə bilmir. Ona görə də Rusiyanın neft və qazına alternativ axtarışına çıxıblar. Bu resursların olduğu bölgələr isə əsasən Yaxın Şərq, Fars körfəzi və Xəzər dənizi ölkələridir. Ona görə də hazırda Xəzər dənizinə də beynəlxalq diqqət artıb, bu fonda isə beynəlxalq təzyiqlər də artmaqda davam edəcək. Regionumuz mübarizə meydanına çevriləcək. Şəqr-Qərb, Çimal-Cənub dəhlizləri də Xəzər dənizi hövzəsindən keçir. Bu fonda da dənizin əhəmiyyəti artır”. 

Bütün bunları nəzərə alaraq ekspert düşünür ki, bu ərazidə yerləşən ölkələr öz güclərini, iqtisadi-siyasi maraqlarını birləşdirməyə möhtacdır:
 
"Düzdür, bu ölkələr arasında tamamilə fərqli düşünənlər də var. Ehtimal edirəm ki, ümumi problemləri müzakirə etmək və vəziyətdən çıxış yolları tapmaq üçün belə görüşlərin vaxtaşırı olaraq sıfırlanmasına ehtiyac var. Qərb regionumuzdan enerji resurslarının hasil edilib daşınmasına çalışır. Eyni şəkildə Rusiya və müttəfiqləri Xəzər dənizindəki digər ölkələrin özləri üçün alternativ olmamasına çalışır. Belə bir zamanda Xəzərin Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi ölkələri güclü xarici təzyiqə məruz qaldıqlarından birləşmək, birgə qərar və cavab vermək məcburiyyətindədirlər. Bu baxımdan sammit xüsusilə əhəmiyyətli olacaq”.  

Lavrovun 5 Xəzəryanı ölkə arasında hərbi əməkdaşlığa start verildiyi barədə açıqlamasına gəldikdə, ekspert bunun region uyğrunda savaşın başladığına işarə olduğu qənaətindədir:
 
"Rusiya bir tərəfdən, kənar hərbi qüvvələrin olmaması üçün Xəzərin hərbsizəşdirilməsinə çalışdığı kimi, digər tərəfdən də özü Xəzər Donanmasını silahlandırır, dənizi güc göstərmə mərkəzinə çevirir. Xəzərdən Suriyaya atılan raketlər kimi indi də Ukraynaya atılan rakertlərin şahidi oluruq. Xəzərdə hərbi baxımdan əsas güc Rusiya, müəyyən dərəcədə də İrandır. Belə bir güc nisbəti bölgədəki digər ölkələrin marağına uyğun deyil. Bu fonda ən çox əsaslandırılan Azərbaycan üzərindən Türkiyənin, onun da üzərindən NATO-nun Xəzər dənizinə daxil olmasıdır. Lakin Rusiya və İran Türkiyənin də burada olmasını arzulamır. İndi dünyanın Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistanın enerji resurslarına və bu ərazidən keçən nəqliyyat xətlərinə ehtiyacı yaranıb. Belə olan halda region uğrunda savaş başlayır. Rusiya Yaın Şərqlə birbaşa əlaqə yaratmaq istəyir. İran da Rusiya ilə tandemdədir. Eynilə Qərb bunun qarşısını almaq və Xəzəryanı ölkələrdən alternativ enerji mənbəyi kimi istifadə etməkdə maraqlıdır”.

Rüfət Sultan