Ölkə 13:19 02.10.2022

Xocavənddə mina partladı: Xəsarət alan var (YENİLƏNİB)

Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlunun vəziyyəti sabitdir.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

13:10

Xocavənddə fəhlənin minaya düşməsi ilə bağlı rayon prokurorluğu araşdırma aparır.

Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
 
12.35
 
Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib.
 
Daxil İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb.

Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasim Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb:

"Partlayış nəticəsində Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur".

Qeyd edək ki, minaya düşən Rasif Kərimzadə Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisini həyata keçirən şirkətin əməkdaşıdır.