Siyasət 13:15 23.03.2023

YAP-ın rayon təşkilatlarında yoxlamalar başlayır - Partiyadan xaricedilmələrin davamı olacaq

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalar davam edir. 

Qaynarinfo xəbər verir ki, partiyanın Təftiş Komissiyası artıq rayon təşkilatlarında yoxlamalara başlayır. Yoxlamalar əsasən YAP-ın yerli təşkilatlarının maliyyə-təsərrüfat və ideoloji fəaliyyətini əhatə edir. 

YAP-ın Bakı rayon təşkilatlarında aparılan yoxlamalar ötən ilin sonunda başa çatıb.

İddialara görə, bu günlərdə İdarə Heyətinin iclasında 38 nəfərin partiya sıralarından xaric edilməsi yoxlamaların nəticəsidir. Lakin başqa məlumatlarda deyilir ki, İdarə Heyətinin 38 nəfərin partiyadan xaric olunduğunu elan etməsi son vaxtlar YAP-dan kütləvi istefaların olması barədə iddialarla bağlıdır. Hakim partiyanın rəhbərliyi bu iddiaların əsassız olduğunu nümayiş etdirmək üçün belə bir addım atıb.

Bildirilir ki, YAP-dan xaricedilmələr davamlı ola bilər. Bu yoxlamaların nəticəsindən asılıdır. 

Məlumatlara görə, proporsional seçki sisteminin bərpasının və yeni parlament seçkilərinin keçirilməsinin gözlənildiyi bir vaxtda YAP rəhbərliyi partiyanın nüfuzuna hər hansı formada xələl gətirənlərə güzəşt etmək niyyətində deyil. YAP-ın nüfuzunun artırılması istiqamətində atılan bu addımlar partiyada kifayət qədər dəstək qazanıb. Bu baxımdan, prosesin davam etdirilməsi məqsəduyğun sayılıb. 

Seyid