Dünya 12:10 02.02.2024

Yaponiya Trampdan Çinlə razılaşmamağı xahiş etdi

ABŞ-ın Asiyadakı əsas müttəfiqi Yaponiya Trampdan Çinlə danışıqlara getməməsini xahiş edir, çünki bunun regionda sülhü pozacağından ehtiyatlanır.
 
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

ABŞ-ın Asiya regionunda yaxın müttəfiqi olan Yaponiya prezidentliyə namizəd Donald Trampı regionda kövrək sülhü pozmaq üçün illərlə göstərdiyi səyləri sarsıda biləcək sazişlərə girməkdən çəkindirir.

Yaponiya Trampın yaxın ətrafı ilə əlaqə saxlamağa başlayıb, belə ki, o, bəzi sorğulara görə noyabr seçkilərində favoritdir.

Tokionun əsas qorxusu odur ki, Tramp hakimiyyətə qayıdarsa, o, Çinlə ticarət və ya müdafiə sazişi bağlaya bilər ki, bu da G7-nin Pekini cilovlamaq səylərini sarsıdacaq.

Qeyd edək ki, Tramp 2024-cü il seçkiqabağı kampaniyası zamanı Çinlə heç bir potensial müqavilə elan etməyib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçkilərdə ABŞ-ın iki əsas siyasi partiyası iştirak edir. Demokratlardan əsas namizəd hazırkı ABŞ lideri Co Bayden, respublikaçılardan isə Donald Trampdır.

Nizami Bağırov