Dünya 11:36 24.10.2023

Yaponiya üçüncü yeri əldən verir: Onu kim əvəz edəcək?

Yaponiya 2023-cü ilin sonuna kimi nominal ÜDM-in azalması səbəbindən "dünyanın üçüncü iqtisadiyyatı" statusunu itirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.

Yaponiyanın nominal ümumi daxili məhsulunun 2023-cü ildə azalacağı və bunun nəticəsində ölkənin dünyada üçüncü yerdən dördüncü yerə enəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun proqnozları onun yerini Almaniyanın tutacağını göstərir.

BVF-nin 2028-ci ilə dair proqnozlarına görə, 1.4 milyarddan çox əhalisi ilə Çini keçərək dünyanın ən sıx məskunlaşdığı ölkəyə çevrilən Hindistanın 2026-cı ildə Yaponiyadan daha böyük ÜDM-ə sahib olacağı ehtimalı var.

1968-ci ildə Yaponiya ümumi milli məhsulun həcminə görə Almaniya Federativ Respublikasını üstələyib və ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilib. Yaponiya 2010-cu ildə ikinci yeri Çinə təhvil verib. 

BVF Yaponiyanın nominal ÜDM-nin 2023-cü ildə təxminən 4,23 trilyon dollar olacağını təxmin edir ki, bu da əvvəlki illə müqayisədə 0,2 faiz azdır. Almaniyanın ÜDM-nin 8,4 faiz artaraq 4,43 trilyon dollar olması gözlənilir. 

Nizami Bağırov