Dünya 13:03 08.08.2023

Yaponiyadan İrana çağırış: “Rusiyaya silah verməyin”

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı Ukraynaya qarşı müharibəsi üçün Rusiyaya silah verməməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Bazar ertəsi, avqustun 7-də Yoşimasa Hayaşi Abdollahianla görüş keçirib.

Xarici işlər naziri Hayaşi Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Yaponiyanın mövqeyini bir daha təsdiqləyib və İranı konstruktiv mövqe tutmağa çağırıb.
Nazirlər həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, aprelin sonunda "The Wall Street Journal” yazıb ki, son altı ay ərzində İran yük gəmilərindən istifadə etməklə Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyona yaxın patron çatdırıb.

KİV-in məlumatına görə, Ukraynaya qarşı genişmiqyaslı müharibə üçün silah müqabilində Rusiya İranı kibersilahlar, "döyüş meydanında ələ keçirilmiş” Qərb silahları ilə təmin edir və onun raket proqramının inkişafına kömək edir.

"Protokol” nəşri və RZVRT YouTube kanalının birgə araşdırmasında bildirilir ki, Rusiya Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonası ərazisində İrana məxsus kamikadze dronların istehsalı ilə məşğuldur.

Jurnalistlərin mənbələrindən birinin məlumatına görə, İranla müqaviləni 115-130 milyard rubl (1,45 milyard dollara qədər) dəyərində qiymətləndirmək olar. İndi kamikadze dronları üçün komponentlər İrandan gətirilir və Alabuqada yığılır.

Britaniya kəşfiyyatı həmçinin bildirir ki, Rusiya, ehtimal ki, İran PUA-larının hava ilə kiçik həcmli tədarüklərdən Xəzər dənizi üzərindən gəmi ilə böyük daşımalara keçib. 

Nizami Bağırov