Sevinc Çılğın
Dünya dağılır! İnsanlar aciz! Texnoloji, bütün nailiyyətlər
məğlub! Hər şey alt-üst olub! Bundan artıq daha nə olsun? Nə olsun ki, biraz
özümüzə gələk. Daha nə olmalıdır ki, düşüncəmiz işə düşsün. Əməllərimizə çəki-düzən
verməyin vaxtı deyilmi?
Dünyanın bu günündə belə, insanları mənəvi narahat etmək bahasına yardım etmək sadəcə ayıbdır. Əgər bir şey edəcəyiksə, bunu insanları
utandırmadan, incitmədən etməliyik. Yemək dolu kisələri, 2-3 çörəyi, makaronu
ehtiyac duyulan ünvana aparıb, o evin adamlarını göstərmək olmaz! Bu, dilə gətirməsəz
də, şüuraltında "Sənin çörəyə ehtiyacın var, mən alıb səni doyururam” mesajı
verir. Adamların sosial vəziyyəti normal olmaya bilər, kasıblıq ayıb deyil,
amma birinə "kasıbsan” hissini yaşatmaq ayıbdır. Və bunu çəkib başqalarına da
göstərmək son dərəcə düşüncəsizlikdir. Bunu edən adamlara özünü reklam edir
filan da demirəm, bu, yardım edən insanların başqalarını da təşviq etmək niyyətindən
irəli gələ bilər, ancaq lütfən belə addımlardan əvvəl bir az düşünülsün və
uyğun forma tapılsın. Məsələn, alınan məhsulun fotosu, videosu (yardım edənin
özünün də iştirakıyla ola bilər), mövzuya uyğun çox kiçik bir nitqi, insanları
da yardım kampaniyalarına cəlb etmək sözləri ilə lentə alına bilər, ancaq
yardım edilənləri çəkib göstərmək etik deyil. O kadrdaki insanları, uşaqları
utandıra bilərsiz. Sabah o uşaqlar özlərini mənəvi baxımdan gözükölgəli hiss edə
bilərlər. Lütfən, psixoloji məqamları gözardı etməyək, dostlar. Bu məqamda
empati qurun, özünüzü o ailələrin yerinə qoyub, nə hiss edə biləcəklərini
anlamağa çalışın. İnanmıram ki, ondan sonra bu yardımları bu şəkildə etmək istəyəsiz.
Və ən əsası, bu yardımları anladıq, niyyəti də anlayırıq,
amma dövlət hardadı ki, sosial çətinliyi olan insanlar kütlənin ümidinə qalıb,
imkanlı insanlara möhtacdır? 190 manat söhbəti bitmədimi? Yoxsa dövlət də bunu
insanları utandırraraq, boyunlarına minnət qoymaqla etmək fikrindədir? Kimə
veriləcəksə, verilsin artıq. İnsanların bu gün o pula ehtiyacı var. Sabah bu lənətəgəlmiş
virus bitəndən sonra yenə də qırmızı diplomlarıyla gedib, qul bazarında işləyib,
minnətsiz bir tikə çörək pullarını halallıqla qazanacaqlar.
P.S. Qəribədir, yardım kampaniyalarında da yenə sadə, bir az
məşhur adamlar görünür. Milyonlarıyla kənarda saxladıqları gözəlçələrə ev,
maşın alan, hesab kartlarına pulu su kimi axıdan, məclislərində ən ucuz müğənnilərin
başına şabaş tökən məmurlar gözə dəymir!
Şərhlər