Hüseynbala Səlimov
Ölkə 10:07 10.05.2022

Yaxşı ölkə həm də yaşamalı ölkədir

Hüseynbala Səlimov
 
Heç bir qələbə olmadığı təqdirdə belə qələbə paradı keçirmək Rusiya kimi ölkələr üçün təəccüblü deyil – bəli, bu ölkələrdə insanların düşüncə və emosiyalarını idarə edirlər. Amma mənə etiraz edib deyə bilərlər ki, bu, yalnız tarixin şanlı səhifələrinə proyeksiya olunmaq cəhdidir, çünki ötən əsrdə artıq belə şey olmuşdu – insanlar 7 noyabr paradından birbaşa cəbhəyə yollanmışdılar.

Amma bu paraddan başqa gözlənti vardı. Belə deyirdilər ki, bundan sonra Ukraynada aparılan xüsusi əməliyyatların adı dəyişdiriləcək və Moskva Kiyevə müharibə elan edəcək. Soruşula bilər ki, bu, Rusiyanın nəyinə lazımdır? 

Məsələ bundadır ki, bu vaxta qədər Moskva cəbhəyə bir qayda olaraq könüllüləri yollayırdı və müharibə vəziyyətinin elan olunmaması ona geniş miqyaslı səfərbərlik keçirməyə imkan vermirdi. Amma Kreml əhli bu cür ehtimalları artıq parada qədər sayıqlamalar adlandırdı və belə bir planlarının olmadığını bəyan etdi. 

İndi bunlar arxadadır. Belə deyilir ki, bu parad bu vaxta qədər keçirilən paradlardan elə də fərqlənmədi. 

Birincisi, burada xarici qonaqlar olmadı. İkincisi, paradda yeni hərbi texnika nümayiş olunmadı. Üçüncüsü, paradın ruh yüksəkliyi yaradacağı haqqında ehtimallara gəldikdə isə, bununla bağlı konkret fikir söyləmək çətindir. İndi ötən əsrin qırxıncı illəri deyil və bu müharibə də o müharibə deyil. Cəmi bircə statistik ədədi qeyd etmək yetər ki, çox şeyə aydınlıq gəlsin. Ukraynada 7.5 milyon uşaq vardı. İndi onların 2.5 milyonu qaçqındır!   
   
Elə müharibənin öz statistikası da az şey demir. Bəli, müharibə həm də böyük xərclər deməkdir. Ukrayna müharibəsinin bir günü Rusiyaya neçəyə başa gəlir? Ən müxtəlif mənbələrə görə 900 milyon -1 milyard dollara!

Odur ki, insanları təbliğatla məşğul etmək boş şeydir. Hətta belə təbliğat parad şəklində olsa belə!

Müharibənin artıq üçüncü ayı başa çatmaqdadır. Bu üç ayın qənaəti isə budur ki, müharibə yalnız ukraynalılar üçün vətən müharibəsidir. Ruslara gəldikdə o, "xüsusi əməliyyat” və başqa necəsə adlana bilər, di gəl, o, mahiyyətinə görə əsl təcavüzkar müharibədir. Ruslar da daim bu cür müharibələri uduzublar və ümid edirik ki, bunu da uduzacaqlar. Ona görə də üç aylıq xronika belə deməyə əsas verir ki, Kremlin hərbi planları boş çıxdı. Qərb dövlətləri, xüsusən də NATO ölkələri Ukraynanın tərəfində vuruşmasalar da, ona hər cür kömək göstərirlər. 

İki ay keçəndəın sonra, bəli, müharibənin üçüncü ayında onlarla diplomatik nümayəndəlik Kiyevdə işini bərpa etdi və bu o deməkdir ki, onlar Kiyevin alınmayacağına əmindirlər. 

Müharibənin əvvəlində isə belə deyildi. Hamı Ukraynadan qaçırdı. İndisə ən azı diplomatlar geri dönürlər. Odur ki, on belə parad keçirilsə belə, onlar Rusiyaya heç nə verməyəcək. Əlbəttə, ruslar başqa millətlərdən öz torpaq hərisliyi ilə seçilirlər. Amma bunun da bir sonu var. Hətta patriotizm cöğraqfi meyarlarla, ölkənin nə qədər böyük və ya kiçik olması ilə müəyyən olunmur, daha çox ölkənin həyat tərzilə, ölkədəki sosial-hüquqi mühitlə təyin olunur. 

Yaxşı ölkə həm də yaşamalı ölkədir. Əgər iki əsrdən sonra Rusiya haqqında hələ də "Əlvida, çirkli Rusiya” deyilirsə, bunu təbliğatla ört-basdır etmək, malalamaq mümkün deyil...